“Qarabağ KOB-ları” proqramının təkcə Qarabağı deyil, növbəti mərhələlərdə bütün Azərbaycanı əhatə etməsi nəzərdə tutulur.
AZƏRTAC xəbər verir ki, bunu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov oktyabrın 25-də KOBİA və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Qarabağ KOB-ları” layihəsinin təqdimatında çıxışı zamanı deyib. O bildirib ki, bu proqramın iştirakçıları Vətən müharibəsində bizə Zəfər qazandıran, torpaqlarımızın işğaldan azad olunmasında iştirak etmiş vətən övladlarımız olacaqdır.
“Bu proqramı icra etməkdə bizim əsas məqsədimiz şəhid ailələri və müharibə iştirakçısı olmuş şəxslərin özləri, eləcə də ailə üzvlərinin maddi, sosial rifahının yaxşılaşdırılması, yaşadıqları yerlərdə iş yerlərinin artırılmasına dəstək olmaqdır. Qeyd edək ki, Qarabağ KOB-ları proqramı Bakı şəhəri, Şamaxı, İsmayıllı, Şəki və Zaqatala rayonlarını əhatə edir. Proqram çərçivəsində şəhid ailələri və müharibə iştirakçısı olmuş şəxslərin özləri, eləcə də ailə üzvləri arasından seçilmiş namizədlərə “Maliyyənin idarə olunması”, “Biznes planın hazırlanması” “Marketinq”, “Sosial Media Marketinq” , “İnsan resurslarının idarə olunması”, “Satış” mövzularında zəruri təlimlər keçiriləcək. Layihə iştirakçılarına sertifikatlar veriləcəkdir. Eyni zamanda, özünüməşğulluq proqramı çərçivəsində seçilən və artıq təlimlərdən keçmiş iştirakçılara öz bizneslərini qurmaları üçün zəruri avadanlıqlar təqdim ediləcək və onlara peşə təlimləri keçiriləcək. Layihənin nəticəsində 50 yeni sahibkarlıq subyekti yaradılacaq”, – deyə O.Məmmədov qeyd edib.