Qax Dövlət Kukla Teatrında 2024-cü ilin repertuar planına daxil edilən E.Çernyak və E.Gilodinin “Güllü və Güloğlan” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa üzərində məşqlər başa çatıb və tamaşaya ictimai baxış keçirilib.
Teatrın baş rejissoru, Əməkdar artist Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada rolları Aynurə Abbasova, İlmar Abdullayev, Azər Kərimov, Araz Mehrablı, Fidan Mahmudzadə və Elnurə Əliyeva ifa edirlər. Tamaşanın rəssamı Fidan Səbirli, musiqi tərtibatçısı Nicat Fətəliyevdir.
Yusif Abdurahmanov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, kollektiv yeni tamaşa ilə teatrın özü ilə yanaşı, rayonun kəndlərində də uşaqlar qarşısında çıxış etməyi planlaşdırır. Uzuntala kəndinin uşaqları artıq yeni tamaşanı izləmək imkanı əldə ediblər.
Onun sözlərinə görə, hazırda teatrda, eyni zamanda, builki repertuar plana daxil edilən digər tamaşa – Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” əsəri üzərində məşqlərə də başlanılıb. Bu səhnə əsəri isə iyunda uşaqlara təqdim ediləcək.