Bu il Qax rayonunda taxıl biçini başa çatmış ərazilərdə 450 hektardan çox sahədə təkrar qarğıdalı əkininin aparılması nəzərdə tutulur. Bu günədək Ləkit, Qorağan, Tasmalı və Qaxingiloy kəndlərinin ərazilərində 445 hektar sahədə dən və yaşıl yem üçün təkrar qarğıdalı əkilib və hazırda bu istiqamətdə iş davam etdirilir.Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi Ülvi Əzimov məlumat verib.Qeyd edək ki, təkrar qarğıdalı əkininə görə hazırda fermerlərə dövlət tərəfindən hər hektara 100 manat subsidiya ödənilir. Təkrar əkinlər aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.Baş məsləhətçi bildirib ki, ötən il Qax rayonunun təsərrüfatlarında 300 hektarı yaşıl yem, 305 hektarı dən üçün olmaqla, 605 hektar sahədə təkrar qarğıdalı əkini aparılıb. Torpaq mülkiyyətçiləri təkrar qarğıdalı əkinlərindən 6674 ton yaşıl yem və 1634,6 ton dənlik məhsul əldə ediblər.Rayonun təsərrüfatlarında taxıl biçini də davam edir. Cari mövsümdə rayonda 13 min 846 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 8 min 695 hektarını buğda, 5 min 151 hektarını dən üçün arpa sahələri təşkil edir. Bu günədək 13 min 234 hektar sahənin məhsulu biçilib, 45 min 187 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 34,5 sentner təşkil edir.