AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə oktyabrın 27-də Qax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Tarix yazan əbədiyaşar lider Heydər Əliyev” mövzusunda tədbirdə səsləndirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Qax şəhərinin mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
YAP Qax rayon təşkilatının inzibati binasında keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz fəaliyyətindən, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsindəki misilsiz xidmətlərindən danışıb.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın məruzəsi dinlənilib. Bildirilib ki, tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu xoşbəxtlik yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Azərbaycanda müstəqil dövlət təsisatlarının qurulması, beynəlxalq normalara söykənən demokratik, hüquqi dövlətin yaranması, milli, mənəvi və əxlaqi dəyərlərimizin qorunub saxlanması, bu dəyərlərin ümumbəşəri ideyalarla daha zənginləşdirilməsi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Vurğulanıb ki, müstəqilliyin ilk illərində xalqımız qarşıya çıxan çətin problemlərin həllini, xilaskarlıq missiyasını Heydər Əliyevdə görürdü. Ümummilli Lider öz xilaskarlıq missiyasının öhdəsindən layiqincə gəlib, ölkəmizi xaos və anarxiyadan qurtarıb. Ulu Öndər müstəqil Azərbaycan dövlətini yaradıb və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən edib.
Tədbirdə Qax rayon Dövlət Notariat Kontorunun rəisi Mübariz Məmmədov, Zəyəm kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Rövşən Salamov, Qax şəhər 3 nömrəli tam orta məktəbin direktoru Leyla Mahmudova, rayon tarix-diyarşünaslıq muzeyinin direktoru Mahir Əfəndi mövzu ilə bağlı çıxışlar ediblər.
Sonda Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.