İri və xırdabuynuzlu heyvanların və atların identikləşdirilməsinin təmin edilməsi və həmin məlumatların Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sisteminə (AQTİS) daxil edilməsi, heyvanların identifikasiyası və qeydiyyat sisteminin ölkə ərazisində mərhələli şəkildə həyata keçirilməsi üzrə Dövlət Proqramından irəli gələn digər məsələlərin qısa müddətdə həlli ilə bağlı növbəti müşavirə avqustun 23-də Qax rayonunda keçirilib.AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA), Kənd Təsərrüfatı Nazirliyinin (KTN), Qax Rayon İcra Hakimiyyətinin, KTN yanında Aqrar Xidmətlər Agentliyinin, Aqrar Sığorta Fondunun və Dövlət Aqrar İnkişaf Mərkəzinin nümayəndələri iştirak ediblər.Tədbiri Qax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Elbrus Tağıyev açaraq, heyvanların identifikasiya olunmasının zəruriliyini diqqətə çatdırıb və müşavirənin işinə uğurlar arzulayıb.Müşavirədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Aparatının Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, Respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev “Respublikada bioloji təhlükəsizliyin və iqtisadi əlaqələrin təmin olunmasında heyvanların identikləşdirilməsinin əhəmiyyəti. Qarşıda duran vəzifələr” mövzusunda çıxış edib. Bildirilib ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydaları”na əsasən, heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək məqsədilə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsi məcburidir. İdentikləşdirmə işlərinin aparılması üçün heyvanlar fərdi qaydada birkalanmalı (nişanlanmalı) və heyvanların birkalanması (nişanlanması) üçün AQTA tərəfindən müəyyən edilmiş xüsusi tanınma nömrəsindən istifadə olunmalıdır.