Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “2023-cü il Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatları” mövzusunda forum keçirib.
“Report” xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil edilən forumda çıxış edən Agentliyinin icraçı direktoru Aygün Əliyeva tədbirin Zəfər bayramı və Bayraq günü ərəfəsində keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edib, vətəndaş cəmiyyətinin inkişafında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətlərindən, Azərbaycanın yeni inkişaf mərhələsində qeyri-hökumət təşkilatlarının rolundan bəhs edib.
O, bir neçə gündən sonra – noyabrın 10-dan etibarən Agentliyin 2024-cü il üzrə qrant müsabiqələri üzrə layihələrin qəbuluna başlanacağını və prosesin dekabrın 10-da başa çatacağını bildirib. A.Əliyeva qrant müsabiqələri üzrə mövzuların ən aktual məsələlərə həsr edildiyini qeyd edib və QHT-ləri müsabiqələrdə fəal iştiraka çağırıb. Həmçinin məlumat verilib ki, yeni qrant müsabiqələri ilə əlaqədar geniş maarifləndirmə kampaniyası təşkil olunub, Agentlik xətti ilə 4 dəfə infosessiyalar keçirilib. Bu infosessiyalarda ümumilikdə 750-dən çox QHT təmsilçisi iştirak edib.