“Report” xəbər verir ki, bunu “Regional İnsan Hüquqları və Media Mərkəzi” İctimai Birliyinin sədri Xalid Kazımov qurumun Başlıbel qətliamı ilə bağlı hazırladığı hesabatın təqdimatında deyib.
Onun sözlərinə görə, bugünkü sənəd Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə icra olunan “Ermənistanın Başlıbeldə törətdiyi müharibə cinayətləri ilə bağlı beynəlxalq təşkilatlar üçün hesabat hazırlanması” layihəsi çərçivəsində hazırlanıb: “Ermənistanın Azərbaycan xalqına qarşı soyqırımı cinayətlərindən biri də 1993-cü ilin aprelində Kəlbəcər rayonunun Başlıbel kəndində törədilib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən, əksəriyyəti qadın, qoca və uşaqlar olan Başlıbelin 62 sakini, Laçın rayonu ərazisində ermənilərin girovluğundan qaçıb Başlıbelə pənah gətirən Laçın rayonunun 4 sakini, mühasirəyə düşən 9 əsgər sağ qalmaq üçün dağlara sığınıblar. Amma Başlıbel kəndini qarət edən erməni silahlı birləşmələri 1993-cü ilin aprelində mülki insanların gizləndiyi yeri aşkarlayıblar. Erməni quldurları Başlıbelin işğalı zamanı 27 nəfəri güllələyib. Bu günədək qətliamda güllələnən 13 nəfərin meyiti tapılmayıb”.
X.Kazımov bildirib ki, ermənilərin bu soyqırımı cinayətləri qurumun 2013-cü ildə hadisənin törədilməsinin 20-ci ilində hazırlayıb çap etdirdiyi sağ qalan şahidlərin ifadələri əsasında qələmə alınan “Başlıbel faciəsi: erməni vəhşiliyi şahidlərin dili ilə” kitabında əksini tapıb: “Kitab Azərbaycan və ingilis dillərində nəşr etdirilərək həm ölkə daxilində, həm də xaricdə yayılıb”.