Qırğızıstan, Tacikistan və Özbəkistan hökumət başçıları yanvarın 8-də üç dövlətin sərhədlərinin qovşağında sərhədin ümumi hissələrinin xətti məsələsi ilə bağlı görüş keçirəcəklər. Bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Qırğız Respublikası Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Adılbek Kasıməliyev bu il yanvarın 8-də Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov və Tacikistan Respublikasının Baş naziri Kohir Rəsulzoda ilə görüşəcək. Üçtərəfli görüş Qırğızıstan, Özbəkistan və Tacikistanın dövlət sərhədlərinin qovşağında keçiriləcək”, – məlumatda deyilir.
Görüş zamanı “Qırğızıstan, Özbəkistan və Tacikistan prezidentləri arasında dövlət sərhədləri məsələlərinə dair əvvəllər əldə edilmiş razılaşmalarla bağlı danışıqlar aparılacaq”.
Qırğızıstan Çin, Qazaxıstan, Tacikistan və Özbəkistanla həmsərhəddir. ÇXR və Qazaxıstanla bütün mübahisəli sərhəd məsələləri bir neçə il əvvəl həll olunub. Özbəkistan və Tacikistan tərəfləri ilə müvafiq sazişləri yalnız 2023 və 2024-cü illərdə imzalamaq mümkün olub. (Tass)