Milli Teatr Günündə mərhum qubalı sənətkarlar – Xalq artisti Zərnigar Ağakişiyeva və Əməkdar artist Məcnun Hacıbəyovun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, martın 10-da Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin, Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzinin və Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Quba Könüllülər Teatrının kollektivləri mərhum sənətkarların məzarını ziyarət edərək, xatirələrini anıblar.
Bildirilib ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci ildə Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib, bir müddət Tədris Teatrında aktrisa kimi çalışıb. Azərbaycan Dövlət Televiziyasının hazırladığı teletamaşalarda və “Azərbaycanfilm”in istehsal etdiyi bir çox filmlərdə çəkilib.
Məcnun Hacıbəyov isə 1935-ci ildə Quba rayonunun İkinci Nügədi kəndində doğulub. 1965-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Aktyor “Canavar balası”, “Evlənmək istəyirəm”, “Gənclik macərası”, “Göz həkimi”, “Gülüş sanatoriyası”, “Kişilər”, “Qatarda”, “Qəzəlxan”, “Yarımştat” kimi film və televiziya tamaşalarında yaddaqalan obrazlar yaradıb.
Xalq Artisti Zərnigar Ağakişiyeva Quba şəhər qəbiristanlığında, Əməkdar artist Məcnun Hacıbəyov isə Quba rayonunun İkinci Nügədi kənd qəbiristanlığında dəfn olunub.