Qubada “Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında Ulu öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
APA xəbər verir ki, toplantı “Soyqırımı Memorial Kompleksi”nin fəaliyyətinin 10 illiyi ilə əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Milli Elmlər Akademiyası, Quba Rayon İcra Hakimiyyəti və Soyqırımı Memorial Kompleksinin birgə təşkilatçılığı ilə keçirilib.
Konfransda bildirilib ki, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulan həqiqətlər Heydər Əliyevin hakimiyyəti dövründə açılıb, təhrif edilmiş hadisələrə huquqi siyasi qiymət verilib. Həmçinin vurğulanıb ki, bu il həm də Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin nin fəaliyyətə başlamasının 10-cu il dönümüdür. Quba Soyqırımı Memorial Kompleksi fəaliyyətə başladığı 2013-cü ildən indiyə kimi 200 minə yaxın xarici vətəndaş olmaqla, ümumilikdə 1 milyondan çox ziyarətçi qəbul edib.
Quba Soyqırımı Memorial Kompleksi Xatirə Kompleksi 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılıb. 2007-ci ildə Quba şəhərində aparılan tikinti işləri zamanı təsadüfən kütləvi məzarlıq aşkar edilib.
30 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırım qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi ilə Quba şəhərində “Soyqırım Memorial Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb.
2013-cü il sentyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışın ediblər. Qubada aşkar edilən kütləvi məzarlığın yanında ucaldılan Memorial Kompleksdə tarixi sənəd və faktlar əsasında zəngin muzey yaradılıb.