Qarabağ Dirçəliş Fondu (QDF) gənclərin maarifləndirilməsi məqsədilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri ilə “Qarabağın dirçəlişində həmrəyliyin rolu” mövzusunda görüş keçirib.
AZƏRTAC xəbər verir ki, fondun təşəbbüsü ilə baş tutan və “#KarabakhTalks” müzakirələr platforması çərçivəsində təşkil olunan görüşdə QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, eləcə də ADPU-nun professor-müəllim heyəti və 400-ə yaxın tələbəsi iştirak edib.
Əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə çıxış edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbədən sonra qarşıda duran əsas vəzifələrdən danışıb.
Bu sahədə gənclərin və tələbələrin üzərinə də böyük məsuliyyət düşdüyünü deyən rektor Qarabağın bərpası ilə bağlı aparılan müzakirələrdə və keçirilən tədbirlərdə tələbələrin də fəal iştirak etmələrinin təqdirəlayiq hal olduğunu söyləyib.
Sonra erməni işğalçıları tərəfindən Qarabağda dağıdılan tarixi abidələrimizə həsr olunan videoçarx nümayiş etdirilib.
Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək, görüş iştirakçılarına QDF-in fəaliyyətinin əsas istiqamətləri, görülmüş işlər və nəzərdə tutulan layihələr barədə ətraflı məlumat verib.
Hazırda işğaldan azad edilən ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri aparıldığını deyən Rəhman Hacıyev bildirib ki, dəyən zərərin nəticələrini tez bir zamanda aradan qaldırmaq və Qarabağı yüksək rifahlı regiona çevirmək üçün həmrəylik nümayiş etdirmək mütləqdir.
Qarabağın bərpasında gənclərin rolundan danışan R.Hacıyev tələbələrlə mütəmadi görüşlərin keçirilməsinin bu baxımdan böyük əhəmiyyət daşıdığını söyləyib.
Sonra Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi tədbirlərə və görüşlərə həsr edilən videoçarx nümayiş olunub.
Çıxışlardan sonra görüş müzakirələr və sual-cavab sessiyası ilə davam edib.
Qeyd edək ki, Qarabağ Dirçəliş Fondu Bakı Ali Neft Məktəbində (BANM), Bakı Dövlət Universitetində (BDU), Azərbaycan Dillər Universitetində (ADU) və Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) gənclər və tələbələrin iştirakı ilə maarifləndirici görüşlər keçirib. Analoji görüşlərin digər təhsil müəssisələrində də keçirilməsi nəzərdə tutulur.