İyun 13, 2025-3:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MÜSAHİBƏ

Rafiq Seyidzadə: Filarmoniyada meyxanaçıların konsertini təşkil edib işçilərin maaşını ödəmişəm – MÜSAHİBƏ

2025:06:11 - 12:24
in MÜSAHİBƏ
A A
O məşhur cütlüyü hamı tanıyır – nümunə kimi: həm sənət baxımından, həm də ailə baxımından. Səhnənin, sənətin ömür-günə yol-yoldaşlığı elədiyi ailə – Rafiq Seyidzadə və Natəvan Şeyxova.
Biz də söhbətimizi bu dəfə məşhur cütlükdən yana eləmək istədik, amma qismət…
– Natəvan xanımı Musiqi Akademiyasına çağırdılar, imtahandadır, – bizi qapıda qarşılayan Rafiq Seyidzadə deyir, – həm də həmişə ikimizdən bir yerdə götürürlər müsahibəni. Qoy onu daha yaxşı tərifləmək üçün fürsətim olsun…
Evə daxil olub müsahibəni götürəcəyimiz yeri təyin edənədək əlavə edir:
– İcazə verəcəksən?
– Əlbəttə, əlbəttə! – deyib vaxt itirmədən söhbətimizə başlayırıq.
“Report” Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə ilə müsahibəni təqdim edir.
– Biz sizinlə martın əvvəlində danışmışdıq, o zaman demişdiniz ki, həyat yoldaşınız Natəvan xanımın yubileyinə hazırlaşırsınız. Necə keçdi yubiley?
– Çox yaxşı, çox əla. Dostlarımızla bir yerdə qeyd etdik. 80 yaş Natəvan xanımdadır, 85 də məndə. İkimiz də mart ayında doğulmuşuq, yaz ab-havasında, üstəlik eyni bürcdənik.
– Nə gözəl. Allah ömür versin. Bəs neçə ildir, bir yerdəsiniz?
– Bu gün-sabah 59 il olacaq… (bir qədər düşünür) yox, 59 il artıq olub, bu gün-sabah 60 il olacaq…1966-cı ildə evlənmişik…
Cümləni bitirib arxayınlaşır. Hiss olunur ki, rəqəmi səhv deməsi onu əməlli-başlı narahat eləmişdi, tez-bazar səhvini düzəltməsi ilə gülümsünür.
– 60 illik evlilik necə adlanır? Qızıl toy, ya necə?
– Yox, məncə, qızıl deyil. Hər nədirsə, çox yuxarı səviyyədir. “Brilliyant” ola bilər, məsələn.
Rafiq müəllimlə müsahibə əsnasında məlumatı dəqiqləşdirə bilməsəm də, müsahibəni yığarkən yoxladım. Maraqlıdır ki, 60 illik evlilik, doğrudan da, “Brilliyant toy” adlanır.
– Rafiq müəllim, 60 illik evlilik münasibətini bu şəkildə mehriban, möhkəm saxlamağın sirri nədədir?
– İnsan gərək həyatda hər şeyi ağılla etsin, hadisələrə də belə yanaşsın. Həyatdır, gözlənilməz şeylər ola bilər, bilmirsən, on dəqiqə sonra nə olacaq… Ona görə həyatı elə sistemli qurmalısan ki, sakit yaşaya biləsən. Sakitlik yoxdursa, əsəb var, stress var, bu da adamın rahatlığını pozan amillərdir.
Həyata mülayim və ağılla yanaşanda məhəbbətini də doğru seçirsən, bu da sənin üçün hər şeydir. Mənim üçün xoş olan onun üçün başqa cür ola bilər, mənim üçün şirin gələn onun üçün başqa cür ola bilər. Sən bütün bunları anlayışla qarşılamalısan. Niyə? Çünki o da, həyat yoldaşın da, hamı kimi insandır. Onun da duyğuları, hissləri, yanaşma tərzi var. Qarşılıqlı hörmət olmalıdır ailədə. Olur ki, ailəyə, həyat yoldaşa qarşı laqeydlik edirlər, hörmət aradan qalxır. Ailədə hörmət anlayışı yoxdursa, o ailə dağılacaq. Sən həyat yoldaşına hörmət bəsləmirsənsə, onu özündən aşağı görürsənsə, o ailənin sonu yoxdur. Bunları başa düşmək lazımdır.Mən sənə bir şey deyim, bu nə qədər qəribə səslənsə də, amma biz heç vaxt mübahisə etmirik. Çünki bir-birimizi tanıyırıq, o mənə və mənim xarakterimə bələddir, mən də onun.Bilirsən, mənim böyüdüyüm mühit bir az fərqli olub – “Təzəpir” məscidindən aşağı, loru dillə desək, “Qədeşlər məhəlləsi”ndə böyümüşəm. Hər cür mədəniyyətdə, tərbiyədə adam görmüşəm. Əlbəttə, ailə tərbiyəsi vacibdir, amma məhəllə tərbiyəsi anlayışı da var. Biz dörd qardaş olmuşuq, bacımız olmayıb. Ona görə bizim üçün ətrafımızda gördüyümüz qızlar həm də bacı idi, onları bacı kimi qəbul edirdik. Ayrı məhəllədən kimin ixtiyarı var idi onlara güldən ağır söz desin?! Ola bilməzdi. Biz buna heç vaxt imkan verməzdik. Bu şeylər də mənim və mənim kimi orada böyüyənlərin xarakterinə təsir edib.
– Bir müddət Azərbaycan Dövlət Akademik Filarmoniyasında direktor işləmisiniz. Müsahibələrinizin birində demisiniz ki, vəzifədə olduğunuz müddətdə həmişə adamlara ədalətli davranmısınız. Maraqlıdır, 85 yaşlı bir adam üçün ədalət anlayışı nə deməkdir?
– Bilirsən, bu da xarakter məsələsidir, suala cavab verməyim nə qədər səmimi alınar-alınmaz, bilmirəm, amma insan həyatda bacardığı qədər dəqiq və konkret yaşamalıdır, yəni mümkün qədər yanlışa yol verməməlidir. Mənim Filarmoniyada direktorluğum ölkənin çox ağır vaxtlarına təsadüf edib. O mərhələdə ədalət prinsipini qorumuşam, bunun üçün çalışmışam. Elə olurdu, işçilərə maaş verə bilmirdik, çünki dövlətdə maliyyə çatışmazlığı var idi. O zaman işçilər narazılıq edirdi, bu da başadüşülən idi. Yük düşürdü mənim üzərimə, bunu məndən başqa kimsə yoluna qoyası deyildi.Həmin vaxt meyxanaçılar getdikcə populyarlaşırdı. Folklor kimi qadağada idi, sovetlər imkan vermirdi, amma bu onun şöhrətinə problem yaratmırdı. Bu məsələ mənim ağlıma batdı. Düşündüm ki, meyxanaçıların Filarmoniyada konsertini təşkil edərəm, yığılan pulla işçilərin maaşını verərəm. Etdim də. İki günlük konsert təşkil elədim və işçilərin maaşını artıqlaması ilə ödədim.
– Bu neçənci ildə olub?
– Onda Əbdürrəhman Vəzirov Mərkəzi Komitənin birinci katibi idi. Haradasa, 1989-cu ildə. Konsertdən dərhal sonra Vəzirov büronun iclasını çağırdı, məni həm partiyadan çıxarırdılar, həm də işdən. Səbəb də o idi ki, qadağan olunmuş “qədeş meyxanası”nı təbliğ edirəm, özü də harada: Filarmoniyada. Konsert isə inanılmaz anşlaqla keçdi. Mən Filarmoniya tarixində bir konsertdə o qədər adam görməmişəm. Adamlar bir-birinin üstündə idi.Konsertlərdən sonra Bakı Baş Milis İdarəsindən gəldilər, otağımda əməllicə söz savaşına çıxdıq. Deyirdilər, qədeşləri yığmısınız Filarmoniyaya, bu nə özbaşınalıqdır və sair. Getdik idarəyə, orada Müslüm Məmmədova (1989 – 1990-cı illərdə Bakı Şəhər Partiya Komitəsinin birinci katibi, – N.P) izah elədim ki, işçilərin maaşını verməliyəm, mənə maliyyə lazımdır. Bunu özüm üçün etməmişəm, dövlət üçün etmişəm, camaatın narazılığının qarşısını almaq lazımdır, ya yox. Müslüm Məmmədov məni başa düşdü, dedi, düzgün eləmisən. Vəzirova zəng vurub elə yanımdaca vəziyyəti yerli-yataqlı izah etdi. Bununla da, söhbət bağlandı.O vaxtlar ölkə üçün çox narahat və qarışıq dönəm idi. 20 Yanvar faciəsini xatırlayıram. Filarmoniyanın olduğu küçə o vaxt “Kommunist” küçəsi idi. Həmin gün camaatın üstünə tanklarla gələndə adamlar qaçıb Filarmoniyaya girmişdilər. Səhər gördüm ki, vəziyyət qarışıqdır, ona görə əvvəlcədən antik əşyaların hamısını yığdım öz kabinetimə. Əgər əşyalar foyedə qalsaydı, yəqin ki, hamısı zərər görər, məhv olardılar.
– Aydındır. Rafiq müəllim, siz əvvəlcə vokalist kimi özününü sınamısınız. Sonra nə baş verdi ki, saksafona sevgi yarandı.
– O vaxt Rəşid Behbudovun şöhrəti dünyada səs salmışdı. Mən onun mahnılarını olduğu kimi ifa edirdim. Yamsılayırdım. Qıraqdan qulaq asan olsa, deyərdi ki, Rəşidin özüdür. Bu özü də bir vergi idi. Ona görə sənədlərimi Asəf Zeynallı adına Musiqi Məktəbinə verdim və qəbul da oldum. Nə not bilirdim, nə də başqa bir şey. Sadəcə, Rəşidin mahnılarını oxuyurdum, onu yamsılayırdım.
– Yəni, sadəcə, yamsılaya bildiyiniz üçün qəbul elədilər?
– İnan ki hə. Elə Rəşidin o beş-altı mahnısı ilə qəbul oldum. Tarixdə belə şey olmayıb, amma məndə oldu. Belə bir musiqi ocağına Rəşid Behbudovun estrada mahnıları ilə qəbul olundum. Vaqif Mustafazadə ilə də orada tanış olduq, yaxşı dostluğumuz yarandı.
– Amma sonralar saksafona yönəldiniz.
– Hə, sonralar saksafon məni cəlb elədi. Bilirsən, məndə çox yaxşı mənimsəmə qabiliyyəti var. Bir şeyi istəyirəmsə, vəssalam, onunla məşğul olub rahatlıqla mənimsəyə bilirəm. Xalam qızının toyunda o vaxtların məşhur klarnet ifaçılarından biri səhərə qədər konsert verdi, biz də ona qulaq asdıq. Səhəri qardaşım bir qəfil qayıtdı ki, Rafiq, klarnet ifa edə bilərsən? Dedim, niyə etmərəm, edərəm. Onda mənim 14 yaşım olardı. Nəsə, qardaşım klarneti aldı, mən də çox qısa zamanda öyrəndim. Qardaşım gedib ən bahalı klarneti aldı mənim üçün, dedi, ifa elə. Qonşular şikayət edirdi, başlarını aparırdım, cürbəcür səslər çıxara-çıxara bütün günü ifa edirdim.Ardınca isə saksafon. Bir müddət sonra isə məni Azərbaycan Dövlət Estrada Orkestrinə dəvət elədilər.
– Hə, oraya dəvət məsələniz də maraqlıdır. O orkestr dünya şöhrətli idi.
– 1955-1956-cı illərdə o zaman Lenin adına saraydan (indiki Heydər Əliyev Sarayı – red.) aşağıda Cəfər Cabbarlı küçəsinə düşən yolda bağ vardı. O vaxtın bütün musiqiçiləri ora toplaşırdı. Mən də musiqi ilə məşğul idim deyə gedirdim. Ondan əlavə, davamlı şəkildə Abşeronda olan bütün istirahət məkanlarında silsilə konsertlər verirdik. Belə-belə artıq 1960-cı ildə Rauf Hacıyevin rəhbərliyi altında yaradılan Dövlət Estrada Orkestrinə dəvət aldım. O vaxt “Drujba” restoranında işləyirdim, Tofiq Quliyevlə Rauf Hacıyev həmin restoranda mənə qulaq asdılar. İki-üç gün sonra mənə xəbər gəldi ki, sabah səni Rauf Hacıyev görüşə dəvət edir. Getdim, görüşdüm. O vaxt musiqiçilərin ləqəbi olurdu, mənə “kəbleyi” deyirdilər. Soruşdu ki, kəbleyi, orkestrdə işləmək istəyirsənmi?
– Neçə yaşınız vardı?
– Mənim onda 21 yaşım vardı, gənc idim. Dedim, niyə istəmirəm, əlbəttə, istəyirəm. Çox tez bir zamanda orkestrin solisti oldum. Amma sonra yalnız saksafonla davam elədim. 1965-ci ildə isə Natavan Şeyxova da orkestrə qəbul oldu.
– Natəvan xanımla da orkestrdə tanış olmuşunuz?
– Bəli. Bir gün qastroldan qayıdandan sonra məşvərət edirdik. Dedilər ki, özünüzü yığışdırın, bu gün qəşəng bir xanım gələcək, onu işə götürəcəyik, solistimiz olacaq. Natəvan xanım gəldi, nə gəldi (gülür). Gördüm, nə qəşəng qızdır belə?! O zaman Zaur Nurullayev adlı dostum vardı, Natəvanla konservatoriyada oxumuşdular. Zaur da bizim orkestrdə idi. Zaura dedim ki, get Natəvana de ki, o mənim həyat yoldaşım olacaq.
– Hətta belə!
– Hə, canım üçün, belə qəti formada. O da gedib dedi, Natəvan xanım da mənə baxıb gülümsədi.
– Gülümsədisə, demək, işıqucu görünür.
– Hə e, nə işıqucu, cəmisi altı ay sonra evləndik. Heç ata-anasının xəbəri yox idi.
– Necə yəni?
– Çünki istəmirdilər. Mən cavan, dikbaş, davakar oğlan idim. Ona görə ata-anası istəmirdi ki, evlənək. Naxçıvanlıdırlar, elə o ərəfədə ona elçi çıxan var idi. Vaxt itirmək olmazdı. Dedim, sevirsənmi məni? Dedi, əlbəttə. Dedim, hara getsəm, gəlirsənmi? Yenə dedi, əlbəttə. Dedim, onda yığ sənədlərini, getdik. Əvvəldən “ZAQS”la danışmışdım, yarım saat içində həll elədik, nikaha girdik. Çıxan kimi Natəvanı ağlamaq tutdu. Baxma da, qız uşağıdır, ailədən gizli belə bir iş tutmaq… Üstəlik, heç mənim də ailəmin xəbəri yox idi… Qorxurdu…Sənə bir şey deyim: o vaxt başqa idi, çox başqa. Xanıma, qıza, qadına yanaşma başqa idi. Hər şey təmiz, saf idi, indi hər şey korlanıb. Mənim qız dostlarım olub, kinoya getmişik, restorana getmişik, bizim münasibətlərimiz elə təmiz olurdu ki, sabah onlarla rahat, alnıaçıq üz-üzə gəlirdik. Nə bilim, indi başqadır, bilirəm, görürəm.Xülasə, nikah bağlayıb gəldik Zaur Nurullayevin evinə. Zaurun anası çox həyəcan keçirdi, amma daha iş işdən keçmişdi. O vaxt bir rejissor var idi, adını unutmuşam, təəssüf. Natəvan xanımın anasını tanıyırdı, zəng edib anasına dedi ki, bəs qızınız ərə gedib. Anası xəbəri eşidər-eşitməz ürəyi getdi, təcili yardım-zad, aləm dəydi bir-birinə. Gecə ilə gəldilər Bakıya. Orkestrdəki dostlarımla Natəvanın atası ilə görüşdük, söhbət elədik. Dedi, atan-anan var sənin? Dedim, əlbəttə. Dedi, çağır gəlsinlər, söhbət edək.
– Ona qədər niyə elçi göndərməmişdiniz bəs?
– Düzü, elçilik söhbətini ehtiyat üçün saxlamışdım. Üstəlik, səhəri nə baş verəcəyini bilmək olmurdu axı, sonra elçi çıxdı, biz də belə elədik. Xülasə, ata-anam gəldi, xonça, pay-pürüş, nişanlandıq, sonra da getdik qastrola. Aprelin 21-də kinostudiyanın restoranında toyumuz oldu. Toy günü bir leysan yağdı ki, Bağırov adına körpü var, o körpü uçdu.
– O körpü indi də başı bəlalıdır.
– Hə, indiki bərpa edilən versiyadır, o vaxt körpünün yarısı dağılmışdı. Anası da zarafata salıb deyirdi ki, təbiət də ağlayır ki, qızımı oğurlayıblar (gülür). Amma şübhəsiz, zarafat edirdi, çünki onların xeyir-duasını almışdıq artıq.
– Bəs ailənizdə başqa musiqi ilə məşğul olan var? Övladlarınız, yaxud nəvələriniz.
– Yox, bizdən başqa kimsə incəsənətlə məşğul deyil. Bir oğlumuz, bir qızımız, üç nəvəmiz, iki nəticəmiz var. Hərəsi ayrı-ayrı sahələrdə çalışırlar.
– Aydındır. İndi sənət adamları arasında tez-tez mübahisələr olur, amma belə bir fikir var ki, o vaxtın sənət adamlarının dostluqları möhkəm olub.
– Elədir, haqlısan, o dövrdə biz çox möhkəm dostluqlar edirdik. İndi bilmirəm, vəziyyət nədir, necədir, amma o zaman ayrı idi. Şövkət Ələkbərova, Mirzə Babayev, Teymur Mustafayev, Canəli Əkbərov… Toylara da gedirdilər, konsertlərə də. Məsələn, elə olurdu ki, konsert günü görürdüm ki, yoxdular, gediblər toya. Birtəhər ört-basdır edirdim, çünki başa düşürdüm ki, bu adamlar həm də yaşamalıdır axı.Bir dəfə Zeynəb Xanlarovanı Ermənistanda konsertə göndərmişdik. Ermənistan Filarmoniyasının direktoru mənə zəng vurub dedi ki, konsert möhtəşəm keçdi, yaxşı qazandıq. Zeynəblə Şərif adında bir nəfər inzibatçı da göndərmişdim. Şərif səfərdən qayıdan kimi gəldi ki, hər şey əla idi, amma pul qazana bilmədik. Amma mən bilirəm axı, pul qazanılıb. Şərif danır, mən ona nə deyim? Heç nə. Dedim, cəhənnəm, taksi üçün pulunuz var? Dedi, hə, o var, vəssalam. Mənə o zaman deyirdilər ki, belə bir vəzifə ilə sən gərək milyonçu olasan… Amma nə bilim… Mən elə adam deyiləm. Yaxşı ki də elə deyiləm (gülür)…
– Rafiq müəllim, sizin nəsil uzunömürlü nəsildir.
– Elədir, atam 95 yaşında rəhmətə gedib. Həm də sənə deyim ki, biz çox ağır seyid nəsliyik. Düzü, mən ağır seyid anlayışını çox da başa düşmürdüm. Bizim nəslimiz Əhərdəndir, orada Göy Məscid var. O Göy Məsciddə mənim ulu babalarımın məzarları var. Gedib ziyarət eləmişəm, ondan sonra əminlik yaranıb ki, əsl ağır seyidlərdənik.
– Bəs belə gümrah, sağlam qalmaq üçün xüsusi nələrsə edirsiniz?
– Hər səhər idman hərəkətləri edirəm. Ürəyim bir şeyi istəyirsə, yeyirəm, yəni özümə qarşı xüsusi bir qadağam yoxdur. Amma qədərində, çox yemirəm. İndinin özündə də Natəvan xanımı işə maşınla özüm aparıb gətirirəm. Bircə Allahdan istəyim odur ki, normal görüm, onu işə aparıb gətirə bilim, vəssalam. Natəvan xanımı hətta beş-altı dəfə Moskvaya da maşınla aparıb gətirmişəm. Mənim üçün maşın sürmək tamamilə ayrı bir zövqdür. 1958-ci ildən maşın sürürəm.
Evin küncündə qarışıq içki markaları dolu xüsusi bir guşənin olduğunu görüb soruşuram.
– Bəs içki içənsiniz?
– Yox. Yeri gəlib içmişəm, lap belə necə lazımdır. Amma davamlı içməmişəm. Yeri gələr, yenə içərəm, amma istəmirəm. Yəni nə aludəyəm, nə də tövbəli (gülür).
– Ev işlərində necə, sizə kömək edən var? Gördüyüm qədəri ilə Natəvan xanımla elə ikiniz yaşayırsınız burada.
– Natəvan xanım özü hər şeyi yüksək səviyyədə yerinə yetirir. Bütün yeməkləri çox möhtəşəm bişirir. Onun dolması, plovu… İnanılmazdır. Kələm dolmasının xüsusi reseptini mən öyrətmişəm ona.
– Onda özünüzün də mətbəxlə aranız yaxşıdır.
– Yox, mən qətiyyən mətbəxə keçmirəm. Yaxşı yemək olsun, yeyim. Natəvan xanım evdə yoxdur, mənim ürəyimdə qaldı. Siz nə çay içə bildiniz, nə yemək yeyə. İndi sənə bir şərtim var: ya bu dəqiqə özünüz keçirsiniz mətbəxə, nə edə bilirsiniz, edin, nə yeyə bilirsiniz, yeyin. Ya da ki, müsahibədən sonra yazını göndərərsən. Baxım, ona uyğun bir qonaqlıq məndən…Elə bu notlar üzərində də müsahibəmizi yekunlaşdırırıq. Yəqin ki, seçimimiz hamıya məlumdur…
Əvvəlki Yazı

“Qərbi azərbaycanlıların Qars köçü” sənədli filmi hazırlanır, “Zəngəzur” mahnısı ictimaiyyətə təqdim olunacaq

Növbəti Yazı

DİN vətəndaşlara kiberdələduzluq halları ilə bağlı növbəti çağırış edir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.