Albaniya Avropa ölkələri ilə qeyri-qanuni miqrantların yerləşdirilməsi ilə bağlı əvvəllər Tirana və Roma arasında imzalanmış müqaviləyə bənzər yeni müqavilələr bağlamaq niyyətində deyil. Bu barədə Albaniya hökumətinin başçısı Edi Rama Britaniyanın “Financial Times” nəşrinə müsahibəsində bildirib.
“Bu, birdəfəlik, 100% birdəfəlik razılaşma idi” deyən Baş nazir bəzi Avropa hökumətlərindən müvafiq təkliflər aldığını bildirib. “Mən onlardan imtina etdim, çünki bu, mənə mənasız görünür. Bizim İtaliya ilə xüsusi münasibətimiz var, bu, strateji münasibətdən daha dərindir”.
Rama Albaniyanın bu təklifə razılıq verməsini 30 ildir cinayət və qeyri-qanuni miqrasiya ilə mübarizədə İtaliya ilə uğurlu əməkdaşlıq etməsi ilə izah edib. 2023-cü ilin sonunda ölkələr arasında miqrasiya axınlarının idarə edilməsinə dair saziş imzalanıb, ona əsasən, İtaliyanın yurisdiksiyası altında Albaniya ərazisində qeyri-qanuni immiqrantlarla iş mərkəzləri yaradılıb. İtaliya hökumətinin planına görə, İtaliyaya gəlib sığınacaq üçün müraciət etmiş 3 minədək qeyri-qanuni mühacir ilkin olaraq oraya göndəriləcək və gələcəkdə bu rəqəm ildə 36 min nəfərə çata bilər. Ərizəçilərin özləri ekstraterritorial mərkəzlərin ərazisində qaldıqları müddətdə onların müraciətlərinə İtaliya hakimiyyəti tərəfindən baxılacaq və miqrantlar bundan imtina edərlərsə, onların Aİ-dən yan keçərək deportasiyası planlaşdırılır.
Albaniyanın baş nazirinin sözlərinə görə, 2019-2022-ci illərdə Britaniya hökumətinə rəhbərlik etmiş Boris Conson ona oxşar təkliflə müraciət edib. Rama bildirib ki, London razılaşmada Albaniyanın qəbul etməli olacağı maksimum miqrant sayının nəzərdə tutulmadığını israr etdiyi üçün imtina edib. Eyni zamanda, iki ölkə Böyük Britaniyaya La-Manş boğazı vasitəsilə dəniz yolu ilə gələn qeyri-qanuni mühacirlərin əksəriyyətini uzun müddətdir təşkil edən Albaniya vətəndaşlarının öz vətənlərinə deportasiyasını sürətləndirmək barədə razılığa gəliblər.
(Tass)