“Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğinin artırılması və “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncam ali təhsil müəssisələrində tələbəyönümlü təhsilin təşkilinə göstərilən böyük dövlət qayğısıdır.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev deyib. Onun sözlərinə görə, tələbəyönümlülük bu gün ölkə təhsil siyasətinin ən mühüm strateji hədəflərindən biridir: “Bu Sərəncam tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılmasına ciddi dəstəkdir, eyni zamanda, ali təhsilə marağın artmasına xidmət edəcək. Təqaüdlərin artırılması tələbələr üçün sağlam rəqabət mühiti və motivasiya yaradacaq ki, onlar gələcəkdə təhsil göstəricilərini daha da yaxşılaşdırmaq barədə düşünsünlər. Bu, dövlətimizin tələbələrə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir”.
Rektor əlavə edib ki, son illərdə ali təhsil sistemində mühüm inkişaf prosesləri baş verib:
“Ali və orta ixtisas təhsilinin inkişafı istiqamətində həm maddi-texniki bazanın gücləndirilməsi, həm Azərbaycan universitetlərinin beynəlxalq reytinqlərdə qazandığı uğurlar, həm də yeni universitetlərin yaradılması və ixtisas proqramlarının yenilənməsi ölkəmizdə ali təhsilə marağı daha da artırıb. Təbii ki, bütün bu proseslərin əsasında ölkə başçısının daim diqqət mərkəzində saxladığı təhsil islahatları dayanır”.
Elbrus İsayev vurğulayıb ki, bu Sərəncam tələbələrin həm sosial, həm də peşəkar inkişafına böyük töhfə verəcək: “Biz inanırıq ki, tələbələr bu təqaüdlər hesabına yalnız gündəlik ehtiyaclarını ödəmək deyil, həm də əlavə təlimlərə, ödənişli xarici dil kurslarına qoşulmaq, müxtəlif kitablar almaq və öz intellektual inkişaflarını gücləndirmək imkanları qazanacaqlar. Dövlət başçısının bu addımı gələcəyin sağlam və intellektual gənclərinin yetişdirilməsinə yönəlmiş ən səmərəli sərmayələrdən biridir. Universitet kollektivi adından belə mühüm qərara görə Prezident İlham Əliyevə dərin təşəkkürümüzü bildiririk”.