Birləşmiş Ərəb Əmirlikləri Amerikada prezident seçkilərinin nəticəsindən asılı olmayaraq, ABŞ-dan beşinci nəsil F-35 qırıcılarının alınması ilə bağlı danışıqları bərpa etmək niyyətində deyil. Bu barədə “Reuters” BƏƏ hökumət rəsmisinə istinadən məlumat yayıb.
“Mövqeyimiz dəyişməz olaraq qalır və ABŞ-da keçiriləcək seçkilərin nəticəsindən asılı olmayaraq, yaxın gələcəkdə F-35 ilə bağlı müzakirələrin davam edəcəyini gözləmirik”, – deyə adı açıqlanmayan Əmirliyin hökumət rəsmisi bildirib. Reuters agentliyi qeyd edib ki, F-35-in istismarı ilə bağlı texniki tələblər, milli əməliyyat məhdudiyyətləri və mənfəət-xərc təhlili BƏƏ-nin o zamankı mövqeyinin yenidən qiymətləndirilməsinə səbəb olub. Əbu-Dabinin hazırkı mövqeyinin əsasını məhz bu amillər təşkil edir, deyib.
Sentyabrın 13-də Reuters öz mənbələrinə istinadən bəyan edib ki, noyabrın 5-də keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gələrsə, BƏƏ F-35-lərin alınması ilə bağlı danışıqları bərpa edə bilər.
2020-ci ilin sonunda, Trampın prezidentliyi dövründə Dövlət Departamenti Konqresə BƏƏ-yə 50-yə qədər Lockheed Martin F-35 qırıcı təyyarəsinin, həmçinin 18 MQ-9B kəşfiyyat aparatının və digər qabaqcıl silah sistemlərinin satışına icazə vermək niyyətində olduğunu bildirmişdi. Ümumi dəyəri 23,37 milyard dollar olan sövdələşmə BƏƏ və Bəhreyn arasında ABŞ vasitəçiliyi ilə İsraillə münasibətlərin normallaşdırılmasına dair razılaşmalardan sonra elan edilib. (Tass)