Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Çindən taxıl müqaviləsinin bərpası məsələsində Rusiyaya təsir göstərməsini istəyib. Bu barədə Borrell Pekində Çinin xarici işlər naziri Van Yi ilə birgə mətbuat konfransı zamanı bildirib.
“Mən Çini [Ukraynadakı] münaqişəni dayandırmaq və taxıl sazişinin bərpasına nail olmaq üçün Rusiyaya təsir göstərməyə çağırdım”, – deyə Reuters onun sözlərindən sitat gətirib.
O, həmçinin qeyd edib ki, Çin hələ də Rusiyaya birbaşa hərbi dəstək verməyib.
Borrell oktyabrın 12-dən Çində səfərdədir və bu səfər oktyabrın 14-də başa çatacaq. Aİ diplomatiyasının rəhbəri Çin-Avropa Yüksək Səviyyəli Strateji Dialoqun 12-ci raundunda iştirak edəcək. Borrelin Çinə səfəri bu il iki dəfə təxirə salındı: apreldə onun COVID-19 üçün müsbət testi və yayda Çinin o vaxtkı xarici işlər naziri Qin Gang ictimai sahədən yoxa çıxdıqdan sonra. (Tass)