İran Körfəz Ərəb ölkələrinə İranın son raket hücumuna İsrailin cavab hücumu zamanı İsrailə hərbi yardım və ya hava məkanı təmin etmək məsuliyyəti barədə xəbərdarlıq edib.
“İran açıq şəkildə bildirib ki, Körfəz ölkələrinin Tehrana qarşı istənilən hərəkəti, istər hava məkanından, istərsə də hərbi bazalardan istifadə edilməsi, Tehran tərəfindən bütün qrupun hərəkəti kimi qiymətləndiriləcək və Tehran buna uyğun cavab verəcək. İsrailə istənilən yardım, o cümlədən İrana qarşı əməliyyat üçün ölkənin hava məkanından istifadə icazəsi qəbuledilməzdir”, – yüksək rütbəli İran rəsmisi Reuters-ə bildirib.
Onun sözlərinə görə, İran İslam Respublikasının prezidenti Məsud Pezeşkianın oktyabrın 3-də Qətərə səfəri zamanı belə bir xəbərdarlıq edib. Bu mövzu İranın xarici işlər naziri Abbas Əraqçinin də Səudiyyə Ərəbistanında danışıqları zamanı müzakirə olunacaq.
“Mesajda İsrailə qarşı mübarizədə regional birliyin zəruriliyi və sabitliyin təmin edilməsinin vacibliyi vurğulanıb”, – agentlik mənbəsi əlavə edib. O, Tehranın İsrailin mümkün hücumu zamanı İranın neft obyektlərinin zədələnməsi halında Körfəz ölkələri tərəfindən neft hasilatının artırılması məsələsini müzakirə etmədiyinə aydınlıq gətirib. (Tass)