İsrailin Mossad kəşfiyyat xidmətinin direktoru David Barnea Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların azad edilməsi üzrə danışıqlarda iştirak etmək üçün Qətərə gedib. Bu barədə “Reuters” mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Barnea Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani ilə görüşəcək.
İyulun 4-də Fələstinin Həmas hərəkatı Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Qəzzada vəziyyətin həlli variantları ilə bağlı Misir, Qətər və Türkiyə ilə məsləhətləşmələr apardığını elan edib. Misir və Qətər İsraillə danışıqlarda vasitəçidir.
Mayın 31-də ABŞ prezidenti Co Bayden Qəzzada üç mərhələdən ibarət olan sülh nizamlanmasına dair yeni saziş layihəsinin şərtlərini açıqlayıb. Birincisi altı həftə üçün nəzərdə tutulub və tam atəşkəs, İsrail qoşunlarının məskunlaşan ərazilərdən çıxarılması, yüzlərlə fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində HƏMAS hərəkatının saxladığı girovların azad edilməsini nəzərdə tutur. Bu müddət ərzində tərəflər danışıqlara başlamalıdır və qarşılıqlı anlaşma əldə olunana qədər atəşkəs qüvvədə qalacaq. İkinci mərhələ bütün girovların, o cümlədən hərbi qulluqçuların azad edilməsini nəzərdə tutur. Üçüncü mərhələ Qəzza zolağının bərpası və ölən israillilərin qalıqlarının yaxınlarına təhvil verilməsidir. (Tass)