Reuters xəbər verir ki , Ukrayna humanitar yardım və hərbi təlimatçılar göndərməklə Afrika ölkələrinə təsir etmək üçün Rusiya ilə rəqabət aparmaq niyyətindədir.
Kiyevin Yaxın Şərq və Afrika üzrə xüsusi nümayəndəsi Maksym Subh agentliyə deyib: “Ukrayna Mavritaniya silahlı qüvvələrinin zabitləri və nümayəndələrinin təlimini davam etdirməyə, texnologiyalar və Ukrayna hərbi nailiyyətlərini bölüşməyə hazırdır”.
Ukrayna və Qərb ölkələrindən olan bir neçə adı açıqlanmayan rəsmilər və diplomatlar aydınlaşdırıblar ki, Kiyev hakimiyyəti həmçinin humanitar yardımın tədarükünü artırmaq və qitədəki səfirliklər şəbəkəsini genişləndirmək niyyətindədir.
Eyni zamanda qeyd edilir ki, Rusiyanın Afrikada artıq 40-a yaxın diplomatik missiyası var və daha bir neçə səfirlik açmağı planlaşdırır. Bundan əlavə, Moskva və Afrika paytaxtları arasında ticarət, təhlükəsizlik və kəşfiyyat məsələləri üzrə uzunmüddətli əməkdaşlıq tarixi var. Reuters qeyd edir ki, Ukraynanın müqayisə edilə bilən resursları yoxdur. (Tass)