“Report”un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, konfransda Azərbaycan Prezidentinin köməkçisi və Prezidentin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, elm və təhsil naziri Emin Əmrullayev, SOCAR-ın prezidenti Rövşən Nəcəf, həmçinin mühazirələrin keçirildiyi ali təhsil müəssisələrinin rektorları, tələbələri və SOCAR könüllüləri iştirak ediblər.Tədbirdən öncə iştirakçılar Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olublar. Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayan konfransda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.Daha sonra Ulu Öndər Heydər Əliyev və gənclərə həsr olunmuş, həmçinin “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın təşkilatçılığı ilə ali təhsil müəssisələrində keçirilən mühazirə və turları əks etdirən videoçarxlar nümayiş etdirilib.Konfransın moderatoru, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə “Heydər Əliyev İli” çərçivəsində universitet tərəfindən təşkil olunan beynəlxalq konfrans, forum və seminarlar barədə məlumat verib.


Azərbaycan Prezidenti İlham Əliyevin Ümummilli Liderin qurub yaratdığı müasir Azərbaycanı inklüziv inkişafa, qüdrətli orduya, güclü beynəlxalq nüfuza malik dövlətə çevirdiyini vurğulayan R. Nəcəf ölkə başçısının məqsədyönlü siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrinin, o cümlədən neft-qaz sektorunun sürətlə inkişaf etdiyini, Azərbaycanın etibarlı enerji təchizatçısı kimi regionun lider dövlətinə çevrildiyini deyib.
SOCAR-ın prezidenti ölkəmizin təşəbbüsü və birbaşa iştirakı ilə həyata keçirilən strateji əhəmiyyətli enerji layihələrinin Azərbaycanın iqtisadi qüdrətini artırmaqla yanaşı, beynəlxalq bazarlarda mövqelərini daha da möhkəmləndirdiyini bildirib.

Qeyd edək ki, “Heydər Əliyev İli” çərçivəsində SOCAR-ın Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər, o cümlədən ali təhsil müəssisələrində mühazirələr, məktəblilərin SOCAR-ın müəssisələrinə turları, şəhid və qazi övladları üçün düşərgələr təşkil olunub, müxtəlif elmi-praktiki seminarlar, bilik və idman yarışları keçirilib.
“Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda mühazirələr SOCAR-ın Bakı Ali Neft Məktəbi ilə yanaşı, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Naxçıvan Dövlət Universiteti, Bakı Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti və Bakı Mühəndislik Universitetində keçirilib. Bununla yanaşı, Azərbaycan-Britaniya Kollecinin və Bakı-Fransız Liseyinin şagirdləri üçün “SOCAR Tower”də yerləşən Azərbaycan Nefti Sərgisinə, 23 nömrəli məktəbin şagirdləri üçün Heydər Əliyev adına Neft Emalı Zavodu ərazisinə, 6 nömrəli məktəb-liseyin şagirdləri üçün Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodu ərazisinə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin şagirdləri üçün “EKO Park” ərazisinə, “İdrak” Liseyinin və Heydər Əliyev adına Liseyin şagirdləri üçün “Bibiheybətneft” NQÇİ-nin ərazisinə turlar təşkil olunub.