ABŞ dövlət katibi və ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio Ukrayna ilə bağlı sülh razılaşmasının əldə olunmayacağını istisna etmir.
O, Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın Alyaskanın Ankoric şəhərində apardığı danışıqların nəticələri fonunda Fox telekanalında Ukrayna ətrafında yaranmış vəziyyəti şərh edərkən, “Son nəticədə sülh əldə olunmaya bilər. Biz bunu bilmirik” deyib.
“Biz heç vaxt [Alyaskada] bu görüşün nəticəsində razılığın əldə olunacağını deməmişik. Çünki ukraynalılar orada deyildilər”, – Rubio bildirib. Onun fikrincə, ABŞ və bütövlükdə Qərb Ukraynadakı münaqişənin tərəfi deyil. “Bu, Amerika ilə deyil, iki ölkə – Ukrayna və Rusiya arasında müharibədir”, – ABŞ Dövlət Departamentinin rəhbəri iddia edib.