NATO-nun baş katibi Mark Rutte Ukrayna üzrə təmas qrupunun iclasında bloka daxil olan ölkələrin müdafiə nazirlərini videoformatda ABŞ-dan Ukrayna üçün daha çox silah almağa çağırıb. Bu barədə görüşün yekunlarına görə NATO-nun mətbuat xidməti məlumat yayıb.
“Müdafiə nazirləri qarşısında çıxış edən baş katib, ABŞ prezidenti Donald Trampla birlikdə keçən həftə Kanada və Avropadakı müttəfiqlərin sərmayələri vasitəsilə Ukraynaya ABŞ-ın yeni hərbi imkanları təqdim etməklə Ukraynaya dəstəyi gücləndirmək təşəbbüsünə diqqət çəkib”, – mətbuat xidməti qeyd edib.
Rutte həmçinin qeyd edib ki, NATO ölkələri Ukrayna üçün ABŞ-dan daha çox silah almaqla “24-25 iyun tarixlərində Haaqada alyansın sammitində qarşıya qoyulan üç vəzifəni yerinə yetirməyə başlaya biləcəklər: hərbi xərclərin artırılması, hərbi istehsalın artırılması və Ukraynaya dəstək”.
Tramp ötən həftə Vaşinqtonda Rutte ilə görüşündə ABŞ-ın artıq Ukraynaya pulsuz silah tədarük etməyəcəyini, lakin Avropa ölkələri və Kanadanın ödəməli olduğu silahları satmağa başlayacağını açıqlamışdı. (Tass)