Hazırda Şəkidə bir sıra bərpa və yenidənqurma layihələri davam etdirilir, bəziləri yekunlaşmaq üzrədir.
Bunu “Report”a açıqlamasında Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyəti sədrinin müavini Sədaqət Davudova deyib.
O bildirib ki, Şəki Tarix-Diyarşünaslıq Muzeyində bərpa işləri artıq yekunlaşır: “Daha sonra bir neçə tarixi binanın da bərpası davam edir və bu yaxınlarda yekunlaşması gözlənilir”.
Onun sözlərinə görə, Şəkidə qala divarlarının həyətində yerləşən tarixi binanın da bərpası yekunlaşmaq üzrədir və bu binada turistlər üçün vörkşoplar, ustad dərsləri təşkil olunacaq.
“Daha sonra bizim dəstəyimizlə qeyri-hökumət təşkilatı tərəfindən Şəkidə fəaliyyət göstərən kəlağayı sexinin təmiri aparılır, avadanlıqların alınmasına köməklik göstərilir. Həmin sexdə Şəkinin məşhur kəlağayı ustası şagirdlər yetişdirəcək, kəlağayı sənətinin davam etdirilməsinə və turist məhsuluna çevrilməsinə töhfəsini verəcək”, – deyə S. Davudova əlavə edib.