Hazırda KOB-ların yaşıl iqtisadiyyatda rolunun artırılması üçün yeni dəstək mexanizmləri barədə təkliflərin üzərində çalışırıq.
AZƏRTAC xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “Yaşıl iqtisadiyyata keçiddə ekoloji, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin əhəmiyyəti” mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, KOB sektorunda yaşıl siyasət və strategiyaların geniş tətbiqi üçün kifayət qədər geniş potensial mövcuddur.
“Bununla yanaşı, bu potensialın reallaşdırılması üçün bir sıra çağırışlar da var. Bizim müşahidələrimizə və Asiya İnkişaf Bankının ekspertləri ilə birgə bu yaxınlarda aparılmış təhlilin nəticələrinə əsasən bu çağırışları 3 əsas istiqamət üzrə qruplaşdırmaq olar. Bu, ilk növbədə, siyasət, qayda, strategiya və fəaliyyətlərdə yaşıl və iqlim məsələlərinin daha geniş şəkildə əks olunması və onlar arasında daha sistemli sinergiyanın yaradılmasına ehtiyacdır. İkinci qrup məsələ, KOB sektoru üzrə maraqlı tərəflərin institusional potensialının məhdud olmasıdır. Nəhayət sonuncu istiqamət, yaşıl resurslara, daha dəqiq desək maliyyə, investisiya, texnologiyalar, məlumat və bilik resurslarına çıxış imkanının lazımi səviyyədə olmamasıdır”, – deyə O.Məmmədov əlavə edib.
KOBİA sədri onu da əlavə edib ki, mövcud dəstək infrastrukturu və mexanizmləri vasitəsilə KOB subyektlərinin yaşıl iqtisadiyyatda rolunun artırılması və yaşıl keçidin təbliği istiqamətində işlər görülür: “Bilik, məlumat və məsləhət xidmətləri təmin edən KOB İnkişafı Mərkəzləri, yaşıl innovasiyaları təşviq edən startap sertifikatı, yaşıl təşəbbüslərinin maliyyələşdirilməsinə töhfə verən qrant proqramı, dövlət və özəl sektor xidmətlərinə çıxışı asanlaşdıran KOB evləri, regionlarda əlaqələndirmə funksiyasını yerinə yetirən KOB dostu şəbəkəsi və s. yaşıl gündəliyin dəstəklənməsi üçün önəmli vasitələrimizdir”.