Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı ilə Şəmkirdə gənclər üçün tədbir keçirilib.
Dövlət Xidmətinin mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “Vətənpərvər Azərbaycan gəncliyi – Sağlam gənclik, sağlam gələcək” mövzusunda təşkil edilən görüş Füzuli adına tam orta məktəb-liseydə təşkil olunub.
Görüşdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev belə tədbirlərin gənclərdə vətənpərvərlik hissinin artmasına müsbət təsir göstərdiyini bildirib.
SHXÇDX-nın Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji durumlarının yüksək səviyyədə saxlanılması istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Həmçinin ölkəmizdə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi və “İnsan hüquqları aylığı” ilə əlaqədar geniş məlumat təqdim edib.
Dövlət Xidmətinin İctimaiyyətlə iş və beynəlxalq əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov ali məktəbə daxil olmağa hazırlaşan gənclərə tövsiyə və məsləhətlərini verib. Həmçinin xaricdə təhsil, təhsilə görə verilən möhlət barədə də ətraflı söz açıb.
Daha sonra SHXÇDX-nın Şəmkir rayon şöbəsinin rəisi polkovnik-leytenant Mehman Rəhimov ilkin hərbi qeydiyyat, tibbi şəhadətləndirmə, çağırışçıların hüquq və vəzifələri barədə məlumat verib və tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıb.
Tədbirdə iştirak edən Vətən müharibəsi iştirakçıları və şəhid ailələri də çıxış ediblər.