Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətləri hər ötən gün inkişaf edir, möhkəmlənir. Gürcüstanda yaşayan soydaşlarımız, xüsusən də gənc nəsil bu əlaqələrin möhkəmlənməsinə daha böyük töhfələr verir. Biz bunu hər zaman görmüşük və bu dəstəyi Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, torpaqlarımızın işğaldan azad olunmasında daha aydın görmüşük.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev “Aktual Media” qrupunun nəzdində fəaliyyət göstərən “Aktual Məktəb”in III jurnalistika kursunun iştirakçıları ilə görüşdə söyləyib.
Səfir deyib ki, dövlətlərimiz beynəlxalq arenada da birgə uğurlu fəaliyyət göstərir.
“Azərbaycan dövləti Gürcüstanda yaşayan soydaşlarımıza daim diqqət və qayğı göstərir. Hər il yüzlərlə soydaşımız SOCAR-ın maliyyə dəstəyi ilə Gürcüstan universitetlərində təhsil alır. Bundan başqa, Azərbaycan dövlətinin yardımı ilə məktəblər, idman kompleksləri, uşaq bağçaları tikilir, əsaslı təmir olunur. Azərbaycandilli məktəblər kitablar və dərs ləvazimatları ilə təmin olunur. Gənclər bundan istifadə edərək siyasi, iqtisadi, humanitar, beynəlxalq münasibətlər üzrə biliklərini artırmalıdırlar”, – deyə Faiq Quliyev qeyd edib.
Sonra səfir gəncləri maraqlandıran suallara cavab verib və kursun iştirakçıları ilə müxtəlif mövzularda müzakirələr aparıb.
Kursun təşkilatçısı, “Aktual Media”nın baş direktoru İlkin Hüseynov bildirib ki, kursun əsas məqsədi Gürcüstanda azərbaycanlılar arasında jurnalistikaya marağı olan gənclərə dəstək vermək, onların bilik və bacarıqlarının artırılmasına kömək etməkdir.
Media rəhbəri qeyd edib ki, kursda iştirak edən gənclərə jurnalistikanın əsasları, janrları, prinsipləri barədə nəzəri və praktiki təlim keçilib. Soydaşlarımızın təhsil aldığı jurnalistika kursu Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə həyata keçirilir.
Xatırladaq ki, “Aktual Media”nın nəzdində fəaliyyət göstərən Aktual Məktəb jurnalistika kursu 2021-ci ildən fəaliyyət göstərir. AZƏRTAC-ın əməkdaşı da zaman-zaman gənclərlə görüşüb, bilik və bacarıqlarını artırmaqda onlara kömək edib.