Azərbaycan ilə Gürcüstan arasında hər zaman dostluq və qardaşlıq münasibətləri mövcud olub və bu isti münasibətlər biznes mühitində də əks olunmaqdadır.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev “Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyi”nə (AZEBİ) üzv olan şirkətlərin rəhbərləri və əməkdaşları ilə görüşdə çıxışı zamanı bildirib.
Görüşdə qeyd olunub ki, Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşıdır.
“Azərbaycan ilə Gürcüstan mehriban qonşu, dost və strateji tərəfdaş ölkələrdir. Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycanın enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır”, – deyə səfir vurğulayıb.
Bildirilib ki, Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb. Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu kimi mühüm qlobal layihələrin reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.
Səfir qeyd edib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra ilk tarixi seçkilər keçiriləcək. Azərbaycan Respublikası Prezidentinin 7 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan şirkətlərində işləyən vətəndaşların seçici hüquqlarının təmin olunması və seçkilərdə iştirak edə bilmələri üçün səfirlikdə qeydiyyatdan keçmələrinin zəruri olması qeyd olunub.
Səfir Faiq Quliyev AZEBİ-yə üzv şirkətlərin Gürcüstandakı soydaşlarımıza, o cümlədən aztəminatlı ailələrə göstərdikləri dəstəyə görə təşəkkür edib.
Bildirib ki, 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar Gürcüstanda silsilə tədbirlər keçirilib. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin göstərişi ilə bu ölkədə dahi şəxsiyyət Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar keçirilən tədbirlər Gürcüstanın aidiyyəti qurumları tərəfindən daim diqqət mərkəzində saxlanılıb və lazımi dəstək göstərilib.
AZEBİ-nin idarə heyətinin sədri Nəriman Qurbanov çıxış edərək, bu ölkədə fəaliyyət göstərən azərbaycanlı iş adamlarına Azərbaycan və Gürcüstan tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib.
Səfir vurğulayıb ki, Azərbaycan Höküməti Gürcüstanda fəaliyyət göstərən iş adamlarına hər zaman öz dəstəyini verməyə hazırdır.
Görüşdə, həmçinin, iş adamlarını maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi və ətraflı müzakirələr aparılıb.