AZƏRTAC-ın bölgə müxbiri şəhid Famil Ağaşovun evinə baş çəkib, ailə üzvləri ilə həmsöhbət olub.
Şəhidin anası Mədinə Ağaşova deyir ki, Familin ən böyük arzusu işğal altındakı torpaqlarımızı azad görmək idi. Bu arzu onu ön cəbhəyə qədər aparıb çıxardı: “Famil uşaqlıdan cəsur və qorxmaz idi. Məktəb yaşlarından deyirdi ki, böyüyəndə hərbçi olacağam. Elə də oldu. Hərbi xidmətini başa vurub gələndən bir il sonra – 2019-cu ilin noyabrında yenidən hərbi xidmətə qayıtdı. 2020-ci ilin sentyabrında döyüşlər başlayandan sonra narahat olduq. Amma Famillə telefon əlaqəsi saxlayırdıq. Mən çox narahat idim, günüm ağlamaqla keçirdi. Sonuncu dəfə danışanda dedi ki, ana narahat olma, düşmənin belini qırmışıq. Pis heç nə fikirləşmə, hər şey yaxşı olacaq. Amma içimdə bir narahatlıq var idi…”, – deyə şəhid anası bildirir.
Famil Ağaşov Vətən müharibəsi başlayan gündən döyüşlərdə iştirak edib. Xocavənd istiqamətində gedən əməliyyatlarda şücaətlə döyüşərək, erməni separatçılarının məhv edilməsində igidlik göstərib. O, noyabrın 8-də Xocavənd rayonunun Üçtəpə deyilən ərazisində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.Noyabrın 12-də onun nəşi döyüş meydanından çıxarılıb, böyük izdihamla yaşadığı Cəlilabad rayonuna gətirilib və burada dəfn edilib. Mədinə Ağaşova deyir: “Məni ən çox ağrıdan Familin Qələbəyə bir gün qalmış şəhid olması idi. Amma nə etmək olardı ki, qisməti elə yazılmışdı balamın… Familin yoxluğu atasına çox pis təsir etdi, heç bir il çəkmədi o da dünyasını dəyişdi. Bunları danışmaq ağırdır… Amma Famil ilə qürur duyuram, fəxr edirəm ki, mənim elə qəhrəman oğlum var”.
Qeyd edək ki, şəhid Famil Ağaşov Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə “Xocavəndin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif olunub.