Şəhidlərin əziz xatirəsi ölkəmizin bütün bölgələrində olduğu kimi, işğaldan azad edilmiş Füzuli şəhərində də ehtiramla yad olunub. Anım tədbirində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin, Qarabağ Regional Təhsil İdarəsinin nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, doğma yurdlarına qayıtmış Füzuli sakinləri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyulub. Şəhidlərin xatirəsi yad olunub, ruhlarına dualar oxunub.
Tədbir Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə davam etdirilib. İştirakçılar məktəblilərin Qarabağa, 44 günlük Vətən müharibəsinə, şəhidlərə, qəhrəmanlıq nümunələrinə həsr etdikləri rəsmlərə baxıblar.
Tədbir Azərbaycanın Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Eldar Seyidov, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin İcraçı direktorunun müavini Səbuhi Abdullayev, Qarabağ Regional Təhsil İdarəsinin Füzuli rayonu üzrə təhsil sektorunun müdiri Ramella Məmmədova çıxış edərək, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun göstərdiyi şücaətdən, müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan şanlı Qələbədən danışıblar. Bildirilib ki, ötən ilin bu günü Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olundu. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edildi. Uzun illər mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadığın olundu. Ordumuz bütün cəbhə boyu irəlilədi və düşmən Azərbaycan əsgərinin qarşısında diz çökdü. 44 günlük döyüşlərdə bir çox yaşayış yerlərini atəşə tutan ermənilər sakinlərimizi qorxutmağa çalışsa da, buna nail ola bilmədi. Darmadağın olan düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin – əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, xor ifa ediblər. Sonra rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb. Anım Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Ölkənin bütün ərazisində olduğu kimi, Füzuli şəhərində salınmış yaşayış məhəlləsində də saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.