Bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
Hüquq müdafiəçisi deyib ki, ölkəmizin dünya birliyindəki reytinqinin günbəgün yüksəlməsi, Ermənistan üzərindəki tarixi Qələbəmiz və bu ilin sentyabrında rəşadətli Ordumuzun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri Ermənistanı, onun havadarlarını, xüsusilə Fransanı əməlli-başlı təşvişə salıb. Artıq onlar da şahid oldular ki, Azərbaycanı öz ərazi bütövlüyünü təmin etməsindən heç bir qüvvə döndərə bilmədi. Onların gücləri belə mənasız, heç bir əhəmiyyət daşımayan, yalanla dolu olan qətnamələr, bəyannamələr qəbul etməyə çatır. Düşünürlər ki, bəlkə bu yolla Azərbaycanın dünya birliyində sürətlə artan nüfuzuna xələl gətirə bilərlər. Bu da bir qədər əvvəl dediyimiz ki, yalnız ürək bulandıra bilər.
Ç.Qənizadə deyib ki, son vaxtlar ölkəmizlə əməkdaşlıq etmək istəyən dövlətlərin sayı getdikcə artıb. Xüsusilə Avropada belə dövlətlərin sayı çoxalıb. Onlar yaxşı bilirlər ki, Azərbaycan Avropanın enerji təchizatının təmin olunmasında əsas ölkələrdən biridir. Digər bir məsələ Azərbaycanın heç bir dövlətin daxili işlərinə qarışmaması, müstəqil xarici siyasət yürütməsi, insan hüquq və azadlıqlarının müdafiəsinə və demokratik prinsiplərin inkişafına xüsusi önəm verməsidir. Təbii ki, bütün bunlar beynəlxalq aləmdə yüksək dəyərləndirilir. Belə olmasaydı, nüfuzlu beynəlxalq təşkilatlar öz tədbirlərini ölkəmizdə keçirməyə razılıq verməzdilər.
Komitə sədri işğaldan azad olunmuş ərazilərin, xüsusilə Şuşanın beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivallarının mərkəzinə çevrilməsinin “Qarabağ Azərbaycandır!” reallığının dünya birliyində də qəbul edilməsinin göstəricisi olduğunu bildirib. Ona görə də özlərini gülüş hədəfinə çevirən bəzi böhtançı təşkilatlara qoşulan Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi də, necə deyərlər, milçək kimi ürək bulandırmağa çalışır. Bu qurumun Azərbaycana böhtan atmaqla gündəmə gəlmək kimi uğursuz cəhdinin heç bir faydası yoxdur. Çünki artıq ölkəmiz dünya birliyində mövqeyini getdikcə möhkəmləndirir. Bu baxımdan beynəlxalq ictimaiyyət də Azərbaycana qarşı əsassız ittihamları və qərəzli münasibəti qətiyyətlə rədd edir.
Hüquq müdafiəçisi belə qərəzli təşkilatların, bir əldən idarə olunan böhtançıların siyasi korluğunun, riyakarlığının artıq beynəlxalq ictimaiyyətə bəlli olduğunu vurğulayıb. Məgər həmin təşkilatlar Ermənistanın Xocalıda törətdikləri qəddarlıqdan, dünyanı lərzəyə salan amansızlığından, terror aktlarından, mina müharibəsindən, hətta körpə uşaqlara qarşı mənfur davranışlarından məlumatsızdır? Məgər həmin qərəzli təşkilatlar Ermənistanın Azərbaycanın 20 faiz ərazisinin 30 ilə yaxın müddətdə işğal altında saxlamasından və həmin əraziləri yerlə-yeksan etməsindən xəbərsizdir? Bu gün də həmin dağıntıların şahidi ola bilərlər. Ancaq Azərbaycanın Ermənistan üzərindəki tarixi Qələbəsini, öz gücü ilə ərazi bütövlüyünü təmin etməsini və uzun illərdən sonra soydaşlarımızın dədə-baba yurdlarına qayıtmalarını hələ də həzm edə bilmirlər. Azərbaycanın Avropa Şurasına üzv olduğu uzun müddət ərzində bir milyona yaxın azərbaycanlının Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində məcburi köçkünə çevrilməsini görməmək riyakarlıq, siyasi korluq və ya ermənipərəstliyin bariz nümunəsi deyilmi?
“Bütün bunların fonunda digər qərəzli “dostları” kimi, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin də Azərbaycanın öz suveren ərazilərində qeyri-qanuni erməni silahlı birləşmələrinin mövcudluğundan irəli gələn təhlükəsizlik təhdidinin aradan qaldırılması məqsədilə həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini obyektiv qiymətləndirməyə cəsarəti çatmırsa, reallığı olduğu kimi deyə bilmirsə, başqa dövlətlərin daxili işlərinə burnunu soxmaması daha məqsədəuyğundur”, – deyə Ç.Qənizadə vurğulayıb.