AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri Elnur Mustafayev İraqda “Ekstremizmə və terrorizmə qarşı mübarizə” mövzusunda keçirilmiş II beynəlxalq konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, Elnur Mustafayev konfransda “Erməni vandalizmi: Azərbaycan maddi-mədəni irsinə qarşı törədilmiş cinayətlər” mövzusunda məruzə ilə çıxış edib.
Şərqşünas alim Ermənistan silahlı qüvvələrinin 30 il ərzində Azərbaycan torpaqlarını işğal etməsi, on minlərlə dinc azərbaycanlı əhaliyə qarşı soyqırımı törətməsi, bir milyondan çox insanın öz torpaqlarından didərgin salınması, işğal olunmuş ərazilərdə məscidlərin, tarixi abidələrin dağıdılması, təhqir edilməsi, bir sözlə, erməni vəhşiliyi haqqında informasiyaları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Şöbə müdiri, həmçinin Azərbaycan xalqı ilə İraq xalqının oxşar taleyi yaşadığını, uzun illər hər iki xalqın ekstremizm və terrorizmdən əziyyət çəkdiyini vurğulayıb.
Elnur Mustafayev ərsəyə gətirdiyi “Şuşanın maddi-mədəni irsi (epiqrafik abidələr əsasında)” kitabı haqqında da alimlərə məlumat verib. O, Şuşa şəhərinin öz məscidləri, karvansaraları, ovdanları və tarixi abidələri ilə Azərbaycanın, həmçinin İslam dünyasının mədəniyyət paytaxtlarından biri olduğunu vurğulayıb.
İraqlı alimlər bu məlumatların maraqlı olduğunu qeyd ediblər və Şuşa şəhərinin maddi-mədəni abidələri haqqında tədqiqatlar aparacaqlarına söz veriblər.