AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri professor Roida Rzayeva Böyük Britaniyanın Kembric Universitetində keçirilən “Yenidən qurulmuş modernizm” adlı fənlərarası konfransda iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, fənlərarası konfransın məqsədi ədəbiyyatşünaslıq, psixologiya, fəlsəfə, mediaşünaslıq, incəsənət tarixi, memarlıq və digər bu kimi sahələrdə müşahidə olunan modernizm, yaxud müasir mədəniyyət hadisələri ilə bağlı mövzular üzərində çalışan tədqiqatçıları bir araya gətirmək və sualları cavablandırmaqdır. Bu istiqamətdə bir sıra suallar var ki, onlardan biri belədir: “Bu gün modernizmin davamını və ya “ikinci dalğasını” yaşadığımızı deyə bilərikmi?”
Azərbaycanlı alim “Modernləşmə: yeni media və şəbəkə sosiallığı” mövzusunda məruzə ilə çıxış edib.
Professor məruzəsində qeyd edir ki, innovativ modernləşmə yeni tip cəmiyyətə sistemli keçid tələb edir. Bu gün media biliyin və digər sosial əhəmiyyətli informasiyanın bilavasitə daşıyıcısı, xüsusən də yayıcısı kimi dövlət-siyasi, sosial-mədəni və digər sahələrin transformasiyasında, müvafiq olaraq cəmiyyətin müasirləşməsində mühüm rol oynayır. Məruzədə, həmçinin bildirilir ki, müasir dövrdə proseslər, hadisələr, faktlar media müstəvisində qiymətləndirilir. Bu kontekstdə R.Rzayeva informasiya inqilabı nəticəsində medianın cəmiyyətdəki rolunun dəyişməsinin beynəlxalq mühiti dəyişdiyini, yeni mənalar yaratdığını qeyd edib. Müasir dövrdə yeni sosial və kommunikativ münasibətlərin yaradılması, müasir informasiya cəmiyyətinin tədricən şəbəkə kommunikasiyaları cəmiyyətinə çevrilməsi vasitəsi kimi internet resurslarının prinsipial yeni rolu meydana çıxır.
Alimin məruzəsi maraqla qarşılanıb. Konfrans iştirakçıları R.Rzayevanın tədqiq etdiyi mövzuların yüksək aktuallığını qeyd ediblər.