Oktyabrın 10-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun kollektivi görkəmli şərqşünas, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın anadan olmasının 84-cü ildönümündə alimin məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklil qoyub.
AZƏRTAC xəbər verir ki, AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva, AMEA-nın Qadınlar Şurasının sədri, professor Rəna Mirzəzadə və digər çıxış edənlər Aida İmanquliyevanın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın və ana kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd ediblər.
Çıxış edənlər görkəmli alimin şərqşünaslıq elminin inkişafındakı mühüm xidmətlərindən, elmi yaradıcılığından, yüksək mənəvi keyfiyyətlərindən söz açaraq Aida İmanquliyevanın əziz xatirəsinin onların qəlbində əbədi yaşayacağını vurğulayıblar. Qeyd edilib ki, Azərbaycan elmində örnək qadın alimlərimizdən olan Aida xanım müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açıb, yeni bir məktəbin əsasını qoyub. Azərbaycanda ərəbşünaslıq üzrə ilk qadın filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın bu sahənin inkişafında böyük xidmətləri olub, onun dərin nəzəri bilikləri, analitik təfəkkürü, geniş erudisiyası, zəngin mütaliəsi, bir neçə Şərq və Qərb dillərini bilməsi sayəsində apardığı tədqiqatların və yazdığı əsərlərin qısa vaxt ərzində alimə nəinki keçmiş ittifaq miqyasında, hətta bir çox xarici ölkələrdə geniş şöhrət gətirib. Dünyaşöhrətli şərqşünaslarla bir sırada adı çəkilən Aida İmanquliyeva Azərbaycanda Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsirini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Onun əsərləri bu gün də dönə-dönə oxunur, təhlil və tədqiq edilir, tərcümə olunur və yenidən işıq üzü görür. Bu gün gənc şərqşünaslar bu məktəbin ənənələrini layiqincə davam etdirirlər.