İnsan hüquqlarının müdafiəsi, gender bərabərliyinin qorunması, xüsusilə qadın və qızların cəmiyyətdə fəallığının artmasına nail olunması Azərbaycanın Həmkarlar İttifaqı Konfederasiyasının qarşısında duran əsas məsələlərdəndir. Bu istiqamətdə qurumun həyata keçirdiyi siyasətin əsasında statistik göstəricilərin sosial-iqtisadi, hüquqi, mədəni və psixoloji aspektlərin təhlili dayanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri (AHİK), Milli Məclisin deputatı Səttar Möhbalıyev “Bərabərlik və inklüzivlik naminə əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda söyləyib.
“AHİK-də qəbul olunmuş “Gender bərabərliyi konsepsiyası” əsasında uzunmüddətli fəaliyyət proqramları icra olunur, Gender və Qadın Problemləri üzrə Mərkəz, Gender bilikləri və texnologiyası məktəbi fəaliyyət göstərir. Dövlət Statistika Komitəsindən və AHİK-ə üzv olan 27 sahə həmkarları ittifaqı mərkəzindən daxil olan statistik məlumatlar ümumiləşdirilir, cinslər arasındakı fərqlərin və təcrübələrin təsiri öyrənilir. Bu işlərlə sahə həmkarlar ittifaqlarının strukturlarında təyin olunmuş 10 minə yaxın məsul şəxsi əhatə edən 2463 komissiya məşğul olur”, – deyə S. Möhbalıyev vurğulayıb.