Quba-Xaçmaz RMİ-nin tabeliyindəki Şabran rayon Mədəniyyət Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü şair Esmira Günəşlə görüş təşkil edilib.
AZƏRTAC xəbər verir ki, görüşdə şəhid ailələri, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Azərbaycanın Dövlət Himni səslənib, Vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra “Zəfər balladası” klipi nümayiş etdirilib. Klipin fonunda şəhidlərin şəkli olan xalçalar səhnədə nümayiş olunub.
Qiraətçilər Esmira Günəşin Şabran şəhidlərinə həsr etdiyi şeirlərini söyləyiblər. “Cücələrim” körpələr evi fidanlarının rəqsi təqdim olunub.
Tədbirin sonunda Esmira Günəş tərəfindən şəhid analarına gül dəstələri təqdim olunub.