Həmkarlar ittifaqlarının bir milyondan artıq üzvünün 52,3 faizini qadınlar təşkil edir.
“Report” xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Konstitusiya və suverenlik” ili çərçivəsində keçirilən “Qadın iştirakçılığının təbliği” mövzusuna həsr olunmuş konfransda deyib.
O əlavə edib ki, vaxtilə ABŞ, İngiltərə, Fransa kimi ölkələrdə belə qadınlara səsvermə hüququ Azərbaycandan sonra verilib:
“Azərbaycan Şərqdə qadınlara səsvermə hüququ verən ilk ölkə olub. Ancaq bu sahədə ABŞ və Avropanın bəzi ölkələrindən də irəlidə dayanıb. Dövlətin qadınlarla bağlı yürütdüyü siyasət gender bərabərliyinin təminatında böyük rol oynayır. Azərbaycan qadınları ictimai, siyasi, iqtisadi sahələrdə geniş iştirak edirlər. Müasir Azərbaycanda Birinci vitse-prezident Mehriban Əliyevanın gördüyü işlər hamımız üçün örnəkdir”.
AHİK sədri vurğulayıb ki, bir milyondan artıq üzvü birləşdirən həmkarlar ittifaqlarında qadınlar aktiv iştirak edirlər:
“Üzvlərin 52,3 faizini qadınlar təşkil edir. Onların sosial rifahının yüksəldilməsi məqsədilə müxtəlif proqramlar icra olunur. Qadın hüquqlarına hörmət etmək və qorumaq hər birimizin borcudur. Qadınların ictimai-siyasi həyatda iştirakını artırmaq üçün əlimizdən gələni edəcəyik”.