Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) rəhbərliyi – baş direktor, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və icraçı direktor professor Nəriman İsmayılov Türkiyənin Antalya şəhərində TÜBİTAK Beynəlxalq Astrofizika Rəsədxanasında (TÜBİTAK Ulusal Gözlemevi – TUG) ezamiyyətdə olublar.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib. Bildirilib ki, səfərin əsas məqsədi elmi, texnoloji və kadr hazırlığı istiqamətlərində əməkdaşlığın daha da genişləndirilməsi, bu məqsədlə tərəflərin malik olduqları potensialın araşdırılması və birləşdirilməsi, elmi layihələrdə müştərək fəaliyyətin təşkili olub.
Ezamiyyət müddətində rəsədxananın nümayəndə heyəti TUG-un infrastrukturu ilə tanış edilib. TUG-un Antalya şəhərində Akdeniz Universiteti ərazisində yerləşən əsas inzibati binasında Şamaxı Astrofizika Rəsədxanasının nümayəndələri məruzə ilə çıxış edib, müəssisənin nailiyyətlərini və texniki problemləri diqqətə çatdıraraq həll yollarını müzakirə ediblər.
Sonra TUG əməkdaşlarının məruzələri dinlənilib, son illərdə əldə olunmuş, əsasən də texnoloji istiqamətlərdəki nailiyyətlər müzakirə olunub. Daha sonra isə dəniz səviyyəsindən 2500 metr yüksəklikdə qurulmuş, tam avtomatlaşdırılmış və robotlaşdırılmış teleskoplara baxış keçirilib, uzaq məsafədən internet üzərindən idarə olunan 5 teleskopda yerinə yetirilən elmi tədqiqatlar haqqında ətraflı məlumat verilib.
Şamaxı Astrofizika Rəsədxanası və TÜBİTAK Beynəlxalq Rəsədxanası arasında əməkdaşlıq memorandumu imzalanıb. Memoranduma əsasən, Şamaxı Astrofizika Rəsədxanası teleskoplarının avtomatlaşdırılması və məsafədən idarə olunması nəzərdə tutulub ki, bu istiqamətdə fəaliyyətin təşkili üçün TUG mütəxəssislərinin yaxın zamanda Azərbaycana gəlişi qərara alınıb.
ŞAR nümayəndələrinin Akdeniz Universitetində çalışan astrofizik alimlər ilə də elmi müzakirələri olub, gələcək əməkdaşlıq planları barədə fikir mübadiləsi aparılıb. Gələn il quraşdırılacaq yeni Günəş teleskopunun birgə istismarı (Günəş-Yer əlaqələri fizikası üzrə) nəzərdə tutulub, bu barədə yaxın zamanda tərəflər arasında yeni müqavilənin hazırlanması qərara alınıb.