Şamaxıda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə ədəbi-bədii tədbir keçirilib. Tədbir Şamaxı rayon mədəniyyət müəssisələrinin birgə təşkilatçılığı və Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yubiley tədbirində Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Qurbanzadə, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini Mehriban Eyubova, yerli mədəniyyət müəssisələrinin rəhbərləri və əməkdaşları, rayon ictimaiyyəti, müəllimlər, tələbələr, gənclər və ədəbiyyatsevərlər iştirak ediblər.
Açılış mərasimində çıxış edənlər Bəxtiyar Vahabzadənin zəngin yaradıcılıq irsindən, milli düşüncənin və vətənpərvərlik ruhunun ədəbiyyatdakı ifadəsindən danışıb, onun poeziyasının gənc nəsillərə təsirindən bəhs ediblər. Bildirilib ki, Bəxtiyar Vahabzadə yalnız bir şair deyil, həm də milli düşüncənin, ictimai vicdanın səsi olub və bu gün də onun poeziyası aktuallığını itirməyib.
Tədbirdə müxtəlif yaş qrupundan olan ədəbiyyatsevərlər tərəfindən şairin sevilən şeirləri səsləndirilib. Şamaxı şəhər İncəsənət Təhsili Mərkəzinin şagirdləri tərəfindən hazırlanan “Bəxtiyar Vahabzadə və kitabları” adlı rəsm sərgisi tədbir iştirakçılarında xüsusi maraq doğurub.
Şagirdlərin poetik nümunələr əsasında çəkdikləri rəsmlər şairin yaradıcılığının gənc nəslin təxəyyülündə necə iz buraxdığını nümayiş etdirib.
Tədbirdə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin “Eşq” ansamblının ifasında Bəxtiyar Vahabzadənin sözlərinə bəstələnmiş musiqi nümunələri səsləndirilib. Poeziya və musiqinin vəhdətindən doğan bu təqdimatlar tədbirin bədii ovqatını daha da zənginləşdirib.