Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) ünvanlanan müraciətlərin operativ cavablandırılması və məmnunluğun təmin edilməsi məqsədilə “Kurort” Turizm İnformasiya Mərkəzində Çağrı Mərkəzi yaradılıb və hazırda 35-dən çox əməkdaş xidmət göstərir.
AHİK-dən AZƏRTAC-a bildirilib ki, sanatoriyalara və istirahət mərkəzlərinə yollayış əldə etmək istəyənlər Konfederasiyanın “Kurort” Turizm İnformasiya Mərkəzinə (012) 492-50-10, (012) 492-75-53, (050) 328-38-77, (050) 328-38-11 nömrəli telefonlarla və ya QR vasitəsilə qeydiyyatdan keçməklə müraciət edə bilərlər.
Müraciət qəbul olunduqdan sonra təsdiq və ya imtina barədə məlumat verilir, təsdiq edildikdə ödəniş rekvizitləri təqdim olunur. Ödəniş həyata keçirildikdən sonra elektron yollayış müraciət edən şəxsin elektron poçt ünvanına göndərilir. Əgər istirahət mərkəzi seçilibsə və həmin istirahət mərkəzi ilə müqavilə mövcud deyilsə və ya seçilən tarixlərdə boş yer yoxdursa, alternativ variantlar təklif olunur.
Qeyd edək ki, fəaliyyətə başladığı vaxtdan – ötən il noyabrın 25-dən indiyədək Mərkəzə 22 mindən artıq müraciət qəbul olunub və 15 mindən çox yollayış verilib. Digər müraciətlərə hazırda baxılmaqdadır. İyun ayından etibarən isə E-AHİK elektron rezervasiya sisteminin də istifadəyə verilməsi planlaşdırılır. Bununla da, yollayışları tam elektronlaşdırılmış qaydada əldə etmək imkanı da yaradılacaqdır. Tətbiq olunan bu yeniliklər növbəlilik prinsipinə əsaslanmaqla sanator-kurort xidmətlərinin keyfiyyətinin artırılmasına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə xidmət edir.