Ağdam rayonunun Sarıcalı kəndinin ərazisində son iş həftəsi günündə tapılan 44 ədəd tank əleyhinə mina partladılaraq zərərsizləşdirilib.
Bu barədə “Report”un Ağdama ezam olunan əməkdaşına açıqlamasında ANAMA-nın əməliyyat rəhbəri Xaliq Zülfüqarov deyib.
O bildirib ki, hazırda Sarıcalı kəndinin ətrafında təhlükəsizlik məqsədi ilə əlavə ərazilər təmizlənir:
“Təmizləmə fəaliyyətinə ANAMA-nın mina axtarma heyəti ilə yanaşı, mexaniki minatəmizləmə vasitələri, həmçinin xüsusi təlim keçmiş minaaxtaran itlər cəlb olunub.
Bura minalarla, partlamamış hərbi sursatlarla ən çox çirklənmiş ərazilərdən biri sayılır. Gün ərzində piyada və tank əleyhinə minalar, o cümlədən, müxtəlif təyinatlı partlamamış hərbi sursatlar aşkar olunur.
Sarıcalı kəndinin ərazisində son iş həftəsi günündə tapılan 44 ədəd tank əleyhinə mina partladılaraq zərərsizləşdirilib”.
ANAMA nümayəndəsi minatəmizləmə fəaliyyəti zamanı mümkün təhlükələr sırasında zəhərli həşərat və sürünənlərin olduğunu da vurğulayıb:
““Minatəmizləmə sahələrində aparılan işlər zamanı əməkdaşların həyatı üçün ciddi təhlükə yaradan digər amil isə zəhərli həşəratların və sürünənlərin olmasıdır. Ərazidə daha çox zəhərli ilanlara rast gəlinir.
Mümkün təhlükəni nəzərə alaraq hər gün iş saatının əvvəlində şəxsi heyətə bu mövzuda təlimatlar verilir. Sahəyə ezam olunan həkimlər də təlimatlandırılaraq ilansancma əleyhinə zərdabdla təmin edilir”.
Qeyd edək ki, Azərbaycan dünyada minalarla ən çox çirkləndirilmiş ölkələr sırasındadır. İlkin qiymətləndirmələrə görə Ermənistan işğal dövründə torpaqlarımıza 1,5 milyon mina basdırılıb.
2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək aparılan minatəmizləmə əməliyyatları nəticəsində işğaldan azad edilmiş 200 min 321 ha ərazi təmizlənib, ümumilikdə 196 min 056 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib. Onlardan 137 min 422 ədədi PHS, 36 min 881 ədədi piyada əleyhinə minalar (PƏM), 21 min 753 ədədi isə tank əleyhinə minalardır (TƏM).
2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək ümumilikdə 237 mina hadisəsi qeydə alınıb.
2020-ci il noyabrın 10-dan 2025-ci il mayın 19-dək 394 nəfər mina qurbanı olub. 394 nəfər mina qurbanlarından ümumilikdə 70 nəfəri həlak olub, 324 nəfəri müxtəlif dərəcəli xəsarət alıb. Mina qurbanlarının 14-ü azyaşlı və gənc, 1-i qadın olmaqla, 210 nəfəri mülki şəxsdir, onlardan 55 nəfər həlak olub, 155 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.
1991-ci ildən bugünədək 3 min 400 nəfərdən çox minadan zərərçəkən qeydə alınıb. Onlardan 362 nəfəri azyaşlı və gənc, 38 nəfəri qadınlardır.