“Sea Breeze Resort” kompleksinin “Sea Breeze Walk of Fame” Şöhrət xiyabanında daha çox In-Grid kimi tanınan İnqrid Alberinin adına olan ulduzun açılışı olub.
AZƏRTAC xəbər verir ki, italyan müğənni və bəstəkarın adı Şöhrət xiyabanına təntənəli mərasimlə yazılıb. Beşillik fasilədən sonra müğənni yenidən Bakıya gəlib. İnqrid Alberi bildirib ki, Bakı dünyanın ən dəbdəbəli və gözəl şəhərlərindən biridir.
Müğənni Azərbaycan dilində bir neçə söz bildiyini də etiraf edib və səmimi və emosional adlandırdığı Bakı tamaşaçılarına xüsusi rəğbətini ifadə edib. Xidmətləri və dünya musiqisinə verdiyi töhfəyə görə, İnqrid xiyabanda simvolik ulduza layiq görülüb.
“Sea Breeze Walk of Fame” Ulduzlar xiyabanı Azərbaycanda mədəniyyət, incəsənət və ictimai həyatın görkəmli xadimlərinin şərəfinə yaradılmış ilk və yeganə simvolik məkandır. Burada Müslüm Maqomayev, Devid Foster, Rüstəm və Maqsud İbrahimbəyovlar, Vaqif Mustafazadə və başqaları da daxil olmaqla, 28 şəxsiyyətin adı əbədiləşdirilib. Ulduz kolleksiyası tarixə düşmüş adları birləşdirərək artmaqda davam edir.
In-Grid beynəlxalq səviyyəli müğənni və bəstəkar-aranjimançıdır. Fransız şansonunun həssaslığını elektron ritmlərlə birləşdirən “Tu es foutu” mahnısı ona dünya şöhrəti qazandırıb. Trek bir-birinin ardınca dünya çartlarını fəth edərək bütün zamanların hitinə çevrilib.
Onun beynəlxalq uğura aparan yolu 1994-cü ildə “San-Remonun səsi” regional müsabiqəsindəki qələbəsi ilə başlayıb.