İyulda Astanada keçiriləcək sammitdə Belarusun Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tamhüquqlu üzv qəbul edilməsi assosiasiyanın genişləndirilməsi istiqamətində “tarixi irəliləyiş” olacaq. Bunu ŞƏT-in baş katibi Çjan Minq deyib.
“ŞƏT-in iyul ayında Astanada keçiriləcək sammitində Belarusun ŞƏT-ə daxil olması ilə bağlı qərar qəbul ediləcək, bu genişlənmə tarixi bir irəliləyiş olacaq”, – o, Daşkənddə keçirilən ŞƏT ekspert forumunun 19-cu iclasında deyib. Baş katib vurğulayıb ki, 20 ildən artıq fəaliyyət göstərdiyi müddətdə təşkilat regionaldan hərtərəfli və beynəlxalq təşkilata çevrilmişdir.
Özbəkistanın paytaxtında keçirilən forumun mövzusu “Yeni şəraitdə ŞƏT-in rolu: ümumbəşəri təhlükəsizlik, sabitlik və rifah naminə səylərin birləşdirilməsi”dir. Tədbirdə 10 ölkədən 40-dan çox ekspert, o cümlədən ŞƏT-ə üzv ölkələrin milli tədqiqat mərkəzlərinin nümayəndə heyəti, müşahidəçi dövlətlərin və ŞƏT dialoq üzrə tərəfdaşların mütəxəssisləri, həmçinin ŞƏT Katibliyinin və ŞƏT İcraiyyə Komitəsinin rəhbərliyi iştirak edir. (Tass)