Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının (ÜKŞ) Baş katibi Cerri Pillaya məktub göndərib.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Baş katib!
Bir olan Uca Yaradanımızın Adı ilə Sizi salamlayır, xoş niyyət və arzularımı yetirirəm. Sizinlə səmimi ünsiyyət imkanına malik olmuş şəxs olaraq Cənabınızı ədalətli və alicənab insan kimi xatırlayıram. Görüşlərimiz zamanı Ümumdünya Kilsələr Şurası və şəxsən Sizinlə əməkdaşlıq etmək niyyətimizi, habelə Cənabınızı Azərbaycanda görmək istəyimizi ifadə etmişəm.
Biz Ümumdünya Kilsələr Şurasını ədalətli dinlərarası dialoq və səmərəli əməkdaşlıq müstəvisi kimi tanımışıq. Belə ki, 1993-cü ilin 8 fevral tarixində Montrödə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli həlli istiqamətində dəyərli addım atılmış, məhz ÜKŞ-nin vasitəçiliyi ilə iki ölkənin dini liderlərinin iştirakı ilə yüksək səviyyəli görüş təşkil olunmuşdu. Azərbaycanın dini lideri olaraq mənim ermənilərin Katolikos-Patriarxı I Vazgen ilə Montrö görüşünün nəticələrinə dair imzaladığımız, Ümumdünya Kilsələr Şurasının da təsdiqlədiyi Birgə Kommünikedə birmənalı olaraq vurğulanırdı ki: “Xalqlarımızı və bizi narahat edən problemləri müzakirə edərək hər şeydən əvvəl onu deməyi zəruri sayırıq ki, günahsız qanların tökülməsi ilə nəticələnən bu münaqişəni xristian-müsəlman qarşıdurması kimi qiymətləndirmək yönündə bəzi cəhdlərə baxmayaraq, bu, dini münaqişə deyildir. Xristian ermənilər və müsəlman azərbaycanlılar bundan sonra da sülh, qarşılıqlı hörmət və mehriban qonşuluq şəraitində yaşamalıdırlar”.
ÜKŞ-nin o dönəm Baş katibi Konrad Rayzerin tapşırığı ilə Azərbaycana səfər etmiş nümayəndə heyəti təcavüzə uğramış, etnik təmizləmə siyasəti nəticəsində doğma torpaqlarından qaçqın və məcburi köçkün olaraq didərgin salınmış azərbaycanlıların ağır vəziyyəti ilə yerindəcə – çadır şəhərciklərində tanış olmuş, qayıtdıqdan sonra ölkəmizə humanitar yardım göstərmək barədə qərar almışdılar. Qədirbilən Azərbaycan xalqı ÜKŞ-nin həmin dövrdə Ermənistan təcavüzünə məruz qalmış vətəndaşlarımız üçün ayırdığı humanitar yardımı bu gün də dərin minnətdarlıq hissi ilə xatırlayır. Bu gün isə bizdə sual yaranır ki, hər zaman İsa Məsihin nəsihətlərinə uyğun şəkildə mərhəmət və ədalət prinsiplərinə istinad etməli olan xristian kilsə təşkilatının təcavüz qurbanı Azərbaycana münasibətinin dəyişmə səbəbi nədir? Əfsuslar olsun ki, sərhədimizə qədər gələrək oradan torpaqlarımıza binoklla boylanmağı özünə rəva bilən Cənabınızın erməni tərəfinin bilavasitə təsiri altında verdiyi açıqlamaları qeyri-obyektivliyi və qərəzliliyi ilə Azərbaycan xalqının haqlı narazılığına səbəb olub. O zaman verdiyimiz bəyanatlarımızda və daha öncə sizə ünvanlanan məktublarımızda bildirmişik və bu gün də israrla vurğulayırıq ki, dini liderlər Vahid Yaradana və Haqqa xidmət etməli, heç bir vəchlə münaqişəyə və qarşıdurmaya deyil, sülhə, dinc birgəyaşayışa və qarşılıqlı anlaşmaya töhfə verməlidirlər.
Hörmətli Baş katib! Azərbaycan dünyada dinlərarası dialoq və əməkdaşlıq məkanı olaraq tanınır, qəbul edilir, dövlət başçımız səviyyəsində bu prosesə hər zaman dəstək və himayə nümayiş etdirilir. Dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsi bu proseslərdə fəal iştirak edir, dünyanın bütün nüfuzlu dini mərkəzləri ilə əməkdaşlıq müstəvisində sıx əlaqələr saxlayır. Multikultural Azərbaycanda fəaliyyət göstərən dini konfessiya rəhbərlərinin 2022-ci ilin noyabr tarixli Birgə Bəyanatında biz xüsusi olaraq vurğulamışdıq ki: “Ümumdünya Kilsələr Şurası (ÜKŞ) real vəziyyətlə tanış olmaq məqsədilə Azərbaycana öz nümayəndələrini göndərə bilər və ümid edirik ki, bununla obyektiv və ədalətli mövqeyə üstünlük verərək xaricdə fəaliyyət göstərən erməni diasporunun maliyyə dəstəyilə aparılan anti-Azərbaycan təbliğatına, həqiqətə uyğun olmayan “feyk” xəbərlərə son qoyula bilər”.
Hörmətli Baş katib! Həqiqət gec-tez yerini alır, ədalət zəfər çalır. Dünyanın ən müxtəlif ölkələrinin təmsilçiləri, diplomatik korpus nümayəndələri, BMT, İSESKO və b. beynəlxalq təşkilatlar Ermənistan işğalından azad olunmuş Azərbaycan ərazilərinə səfərlər edib, törədilmiş kultursid, urbisid, ekosid cinayətlərinin nəticələrini öz gözləri ilə görüb, obyektiv qiymət vermişlər. II Qarabağ müharibəsindən sonra BMT tərəfindən bölgəyə səfər etmiş müşahidəçi missiyalar bu ərazidə dinc erməni əhalisinə, mülki infrastruktura qarşı zorakılığın tətbiq olunmadığını təsdiq etmişlər. BMT nümayəndələri səfərləri zamanı erməni mədəniyyət abidələrinə, o cümlədən xristian ibadət yerlərinə də sərbəst şəkildə baxış keçirərək hər hansı zorakılıq və ya vandalizm təzahürlərini müşahidə etmədiklərini bildirmişlər. Azərbaycan tərəfindən BMT missiyasına yaradılan bu şərait ölkəmizin şəffaflıqdan yayınmadığının və ortada gizlədiləsi bir vəziyyətin olmadığının bariz nümunəsidir. Bir daha xüsusi olaraq qeyd etməliyik ki, erməni təbliğatının dezinformasiyalarına baxmayaraq, beynəlxalq müşahidəçilərin də təsdiq etdiyi kimi, Azərbaycanın Qarabağ bölgəsində erməni mülki əhalisinə qarşı heç-bir təzyiq və ya zorakılıq göstərilməmişdir və onlar bu ərazini könüllü olaraq tərk etmişlər.
Əminəm ki, ÜKŞ rəhbəri olaraq Siz beynəlxalq təşkilatların həmin hesabatları və beynəlxalq müşahidəçilərin bəyanatları ilə tanış olsaydınız, Sizin açıqlamalarınız da obyektiv və Uca Yaradana xoş gedən tərzdə ədalətli olardı. Bizi narahat edən məqam ondan ibarətdir ki, 1993-cü ildə keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinə töhfə verən və münaqişənin dini mahiyyət kəsb etmədiyini o vaxt təsdiq edən ÜKŞ-nin hazırda ermənipərəstliyi, xristian təəssübkeşliyi ilə verilən birtərəfli bəyanatları, Sizin Baş Katib olaraq erməni tərəfinin açıq-aydın təsiri altında verdiyiniz açıqlamalar Ümumdünya Kilsələr Şurasının sülhpərvər nüfuzuna və ədalətli mövqeyinə xələl gətirir, onun dinlərarası əməkdaşlıq müstəvisində fəaliyyətinə kölgə salır, dinlərarası dialoq işinə sağalmaz zərbə vurur. Təəssüflə vurğulayırıq ki, ÜKŞ kimi beynəlxalq kilsə təşkilatının erməni məkri və iftiralarına istinad edən sənədlərində islamofob dəst-xətt aydın sezilir ki, bu, rəhbərlik etdiyiniz təşkilatın adına ləkə gətirir. Erməni kilsəsi qərəzli iftiraları ilə yoluxdurduqları ÜKŞ sənədlərini əldə bayraq edib bütün dünyaya, hətta beynəlxalq müsəlman təşkilatlarına yayaraq hamını anti-Azərbaycan cəbhəsində yer almağa çağırışlar edir. Biz ÜKŞ-nin adından belə sui-istifadə hallarının qarşısının ən tez bir zamanda alınmasında israr edir, Baş Katib olaraq Sizdən qətiyyətli mövqe nümayişi gözləyirik. Belə ki, müasir dünyada din adından siyasi məqsədlər üçün sui-istifadənin yaratdığı təhlükələrin, nifrət çağırışlarının, dini və irqi zəmində ayrı-seçkilik hallarının, dini atributların təhqir olunması kimi vandalizm aktlarının artdığı bir dövrdə dünya kilsələrini təmsil edən qurumdan Uca Yaradanın buyurduqlarına istinadən beynəlxalq müstəvidə etimad mühitini, insan qardaşlığını zədələyən halların qarşısının alınması naminə tərəfsizlik və obyektivlik tələb olunur. Məkr, qərəz və revanşizmi xristian dininin postulatları, İsa Məsihin tövsiyələri ilə ziddiyyət təşkil edən, şərəf və nüfuzu öz ölkəsində belə mübahisələndirilən, ruhani müqəddəsliyini itirməkdə olan Erməni kilsə rəhbərlərinin təsirindən nə qədər tez uzaqlaşarsınızsa, ÜKŞ-nin beynəlxalq imici bir o qədər az zərər görər.
Hörmətli cənab Baş katib! Cari ilin 27-28 may tarixlərində Berndə keçirilən Konfrans zamanı sizin çıxışınızla bağlı bir daha nəzərinizə çatdırmalıyam ki, Azərbaycanın dünya birliyi tərəfindən tanınan 86,6 min kv. km. ərazisində “Artsax” adlı inzibati vahid mövcud deyildir. Bu tarixi həqiqəti hətta Ermənistanın Baş Naziri dəfələrlə etiraf etməyə məcbur olmuşdur. Öz çıxışınızda bildirmişdiniz ki, 2023-cü ildə Laçın koridoruna yaxın ərazidə olduğunuz zaman “…fiziki yaraların, həm də öz kökündən qoparılan insanların iztirablarının şahidi” olmusunuz. Əfsuslar olsun ki, Sizin binoklunuzla yaxın keçmişimizə 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində Ermənistan tərəfindən törədilmiş soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i ahıl olmaqla 613 nəfərin, o cümlədən 8 ailənin tamamilə məhv edilməsini, şəhər və kəndlərimizin yerlə-yeksan olunmasını, işğal edilmiş ərazilərimizdə 67 məsciddən 65-nin büsbütün dağıdılmasını, minlərlə məbədlərin, qəbiristanlıqların, tarixi abidələrin, muzeylərin, kitabxanaların talan edilməsi, məscidlərimizin tövləyə çevrilməsi, orada İslam dinində haram sayılan heyvanların saxlanılmasını Azərbaycan xalqının yaşadığı dəhşətləri və iztirabları, zəhərlənmiş çaylarımızı, qırılmış meşələrimizi, yandırılmış torpaqlarımızı, basdırılmış saysız-hesabsız minaları görmək mümkün olmamışdır.
Cənab C.Pillay, bütün səmavi dinlərin müqəddəs Kitablarında, o cümlədən, İncildə, müsəlmanların müqəddəs saydıqları İsa Məsihin xitablarında insanları yaşamağa və yaşatmağa çağırışlar vardır. Xristianlığın təməl prinsiplərinə xilaf çıxan, İncilin sülhsevər çağırışlarına zidd gedən erməni qriqoryan din xadimlərinin sülh üçün dua etmək əvəzinə, müharibə səngərlərində bir əlində xaç, bir əlində “kalaşnikov” tutub “uşaqdan böyüyə qədər” öz əhalisini Azərbaycan torpaqlarının işğalına ruhlandıranların və onların havadarlarının həqiqi din xadimliyi şübhə doğurur. İnsanları sülhə deyil, zorakılığa təhrik edən erməni kilsəsi erməni xalqını “ölənədək savaşa” səsləməklə onun gələcəyini növbəti təhlükələrə və fəlakətlərə sürükləyir.
Müqəddəs İncildə buyurulur: “Sülhyaradanlar mübarək insanlardır!” (Matfey, 5). Müsəlmanların müqəddəs Kitabı Qurani-Kərimdə buyurulur ki: “Yer üzü islah edildikdən sonra orada fitnə-fəsad törətməyin” (Əraf, 56). Biz, dini liderlərin müqəddəs vəzifəsi dünyanın daha əmin-aman, ədalətli bərqərarı işinə öz töhfələrimizi verməkdir. Bu məramla çağırış edirəm ki, erməni kilsəsinin, kövrək sülh şəraitini pozan qızışdırıcı, revanşist həqiqətə uyğun olmayan təbliğatına və xristian təəssübkeşliyindən sui-istifadə cəhdlərinə ÜKŞ tərəfindən bundan sonra dəstək verilməsin. Öz xalqına heç bir nicat yolu qoymayan, onu yeni faciələrə sürükləyən erməni kilsəsinin destruktiv təsirinin ÜKŞ-nin rəsmi mövqeyi olaraq dünyaya bəyan edilməsinə son qoyulsun. Ümid etmək istəyirəm ki, Ümumdünya Kilsələr Şurası bundan sonrakı fəaliyyətində Haqqın, Ədalətin və Bəşəri Sülhün daima carçısı olacaq, xalqların rifahı və təhlükəsizliyi naminə səylərini əsirgəməyəcəkdir!” – məktubda qeyd edilib.