Şirvanşahlar Sarayı Kompleksində “İçərişəhər” Dövlət Tarixi-Memarlıq Qoruğu İdarəsinin təşkilatçılığı ilə “İçərişəhərim” adlı sərginin açılışı olub.
AZƏRTAC xəbər verir ki, layihənin unikallığı içərişəhərli olan sakinlərin soykökündən gələn dəyərlərin və onların tarixini ictimaiyyətə nümayiş edilməsidir.
“İçərişəhərim” sərgisində nümayiş edilən 100-dən artıq eksponatlardan ən qədimi XVIII, ən müasiri isə XX əsrin ortalarına aiddir. Onların arasında qədim musiqi alətləri, analarımızın sevgi ilə yaratdıqları və qız-gəlinlərə cehiz olaraq verilən nəfis aksesuarlar, dini əşyalar, sənədlər və fotolar var. Hər bir əşya özündə böyük bir tarixi dövrləri yaşadaraq, qədim Bakının etnoqrafik lövhələrini, bədii sənətkarlıq dünyasını, ailə-məişət ənənəsini əks etdirir.
Sərginin keçirilməsinin əsas məqsədi İçərişəhər sakinlərinin tarixi əsrlərə söykənən milli dəyərlərini yaşatmaq və onları tanıtmaqdır.
Sərgisi noyabrın 30-dək Şirvanşahlar Sarayı Kompleksində ziyarətçilər üçün açıq olacaq.
Sərgiyə giriş sərbəstdir.