Sabiq prezident Donald Tramp növbəti seçkidə qalib gələrsə, ABŞ-nin ənənəvi xarici və təhlükəsizlik siyasətindən imtina gözlənilmir.
Siyasi şərhçi Elxan Şahinoğlu Ritorika az.-a müsahibəsində bildirib ki, Donald Tramp, əslində, Cozef Baydenlə mübarizəyə hazırlaşırdı. Böyük ehtimalla Trampın qələbəsi gözlənilirdi. Çünki birinci debatda da Trampın reytinqi yüksək idi.
Lakin Baydenin qəfil geri çəkilməsi və Kamala Harrisin irəli sürülməsi Trampı ehtiyatlı mövqeyə çəkilməyə vadar edə bilər. Eks-prezident Kamala Harrislə də başa-baş mübarizə apara bilər. Hətta qələbə qazanmaq şansı da var.
Bu baxımdan 3 aydan sonra keçiriləcək prezident seçkisi üçün demokratlar bir qədər ləng tərpəndilər. Co Bayden öncə geri çəkilsəydi, demokratlar daha zamanətli hazırlaşa bilərdilər.
Rusiya- Ukrayna müharibəsinə gəlincə, bəli, Trump Ukraynaya hərbi və maliyyə dəstəyinin əleyhinədir. Amma o bu qərarı təkbaşına da verə bilməz. ABŞ Dövlət Departamenti, Mərkəzi Kəşfiyyat İdarəsi onu inandıracaq ki, Ukraynaya dəstək vacibdir. Çünki Ukrayna məğlub olsa, Rusiyanın qələbəsi sürətlənəcək, eyni zamanda Avropanın digər ölkələrinə təhlükə yarada bilər.
NATO ilə bağlı Trampın əsas tələbi budur ki, NATO ölkələri müdafiə xərclərini artırmalıdır. Bu ölkələr müdafiə sahəsində Amerikaya yük olmamalıdır.
Donald Trump prezident seçilərsə, əlbəttə, müəyyən gərginliklər yaranacaq. Lakin ABŞ-nin ənənəvi xarici və təhlükəsizlik siyasətindən imtina gözlənilmir.
Cavid Zahidoğlu
Redaktə etdi: İmran İbişov