Son 20 ildə regionların inkişafı ilə əlaqədar 4 proqram qəbul edilib və proqram çərçivəsində işlər uğurla davam etdirilir. Proqram çərçivəsində infrastruktur yenidən qurulur. İndiyədək regionlarda 3500-dən çox məktəb, 700-dən çox səhiyyə müəssisəsi, 40-dan çox olimpiya idman mərkəzi inşa edilib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin Regional komitəsinin sədri Siyavuş Novruzov noyabrın 30-da parlamentdə keçirilən “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmədə deyib.
Regionların inkişafının Ulu Öndər Heydər Əliyevin yürütdüyü siyasətin mərkəzində dayandığını qeyd edən komitə sədri bildirib ki, Ümummilli Liderin regionların inkişafına göstərdiyi diqqət və qayğı sayəsində bölgələrin siması dəyişmiş, müxtəlif sahələrdə inkişaf yüksək səviyyəyə çatmışdı. İri sənaye müəssisələri inşa edilmiş, zavodlar istifadəyə verilmişdi.
1987-ci ildən sonra sənaye obyektlərinin fəaliyyətinin dayandırıldığını diqqətə çatdıran S.Novruzov deyib ki, Ulu Öndərin ölkəmizə rəhbərliyinin ikinci dövründə MDB ölkələri arasında ilk dəfə torpaq islahatı məhz Azərbaycanda həyata keçirilib.
Həmçinin Azərbaycanda bələdiyyə institutunun yaradılmasından danışan komitə sədri ölkədə demokratiyanın inkişaf etdiyini vurğulayıb.