Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunan şəhid leytenant, şair Murad Nağıyevə həsr olunmuş tədbir keçirilib.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, “Siz eşq dediniz, biz Vətən dedik” adlı tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə 44 günlük Vətən müharibəsində misilsiz qəhrəmanlıq göstərən leytenant Murad Nağıyevin keçdiyi həyat və döyüş yolundan bəhs olunub. Həmçinin bədii hissədə gənc qiraətçilər şəhidin qələmə aldığı şeirləri səsləndiriblər.