Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Xəzər Universiteti arasında Əməkdaşlıq Sazişi imzalanıb.
AZƏRTAC xəbər verir ki, SOCAR-ın Baş ofisində keçirilən imzalanma mərasimindən əvvəl qonaqlar Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən sərgi və Azərbaycan nefti sərgisi ilə tanış olublar.
Tədbirdə SOCAR-ın vitse-prezidenti Arzu Cavadova çıxış edərək, Sazişin önəmini vurğulayıb. Sənədin gələcək mühəndislərin hazırlanmasına, tələbələrin neft-qaz sənayesinə marağının artmasına verəcəyi töhfələrdən danışan vitse-prezident əməkdaşlığın uğurlu olacağına əminliyini ifadə edib.
Xəzər Universitetinin rektoru İradə Xəlilova tədbirin təşkilinə görə SOCAR-ın rəhbərliyinə təşəkkürünü bildirib, ölkəmizin neft sənayesinin əldə etdiyi tarixi nailiyyətləri vurğulayıb. Universitetin əsas strateji yol xəritələrindən birinin təhsil ilə sənaye arasında sıx əlaqələrin yaradılması olduğunu söyləyən rektor bu gün SOCAR ilə əməkdaşlığın qurulması ilə bu istiqamətdə önəmli addımın atıldığını diqqətə çatdırıb.