Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəfər bu gün Türkmənistanda fəaliyyətə başlayan XXVIII Beynəlxalq “Türkmənistanın Neft və Qazı – 2023” (OGT-2023) konfrans və sərgisində iştirak edir.
“Report”un Türkmənistan mətbuatına istinadən verdiyi məlumata görə, R.Nəcəfin forum çərçivəsində çıxışı nəzərdə tutulub.
Paytaxt Aşqabadda keçirilən tədbirdə 170-dən çox xarici enerji şirkətinin, 8 beynəlxalq bankın və 24 media qurumunun nümayəndələri iştirak edib.
Məlumata görə, forumda Türkmənistanın neft-qaz sektoruna investisiyaların cəlb edilməsi, dünyanın ən böyük Türkmənistanın qaz yatağı olan “Qalkınış”ın işlənməsi, enerji bazarlarının inkişafı, “yaşıl enerji”nin inteqrasiyası və bir çox digər məsələlər müzakirə olunur.
Tədbir ixtisaslaşmış strukturlar, maliyyə institutları, elmi qurumlar, diplomatik nümayəndəliklər, beynəlxalq təşkilatlar və informasiya agentlikləri arasında böyük maraq doğurub.
Konfransla eyni vaxtda keçirilən ekspozisiya çərçivəsində Türkmənistanın və dünyanın neft-qaz sənayesinin ən son nailiyyətləri təqdim olunacaq.
Forumda çıxışçılar arasında Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Batır Amanov, dövlət naziri, “Turkmengaz” Dövlət Korporasiyasının sədri Maksat Babayev, İraqın elektroenergetika naziri Zəyad Əli Fadel, Çinin Milli Neft-qaz Korporasiyasının (China National Petroleum Corporation, CNPC) prezidentinin adları da var.
Xatırladaq ki, Türkmənistan Prezidenti Sərdar Berdıməhəmmədov tədbir iştirakçılarına təbrik məktubu göndərərək, belə görüşlərin ölkənin nəhəng enerji ehtiyatlarının inkişafı və səmərəli istifadəsi üçün yeni birgə layihələrin həyata keçirilməsinə imkan verdiyi barədə fikir bildirib.
Qeyd edək ki, OGT-2023 beynəlxalq forumu oktyabrın 27-dək davam edəcək.