Sofiya şəhərində Novruz bayramına həsr olunmuş “Bahar paralelləri: Azərbaycan – Bolqarıstan” adlı mədəni tədbir keçirilib.
Tədbir Azərbaycanın Bolqarıstandakı səfirliyi və Bakı Slavyan universitetinin (BSU) Müqəddəs Kliment Oxridski adına Sofiya universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi tərəfindən, həmçinin Türk dilləri və mədəniyyətləri klubunun və UNESCO-nun Cənub-Şərqi Avropa üzrə qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Sofiyadakı Regional Mərkəzinin tərəfdaşlığı ilə təşkil olunub.
BSU-nin Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Sofiya Şıqayeva-Mitreska bu cür tədbirlərin universitet mühitində mədəniyyətlərarası dialoqun inkişafına və Azərbaycan mədəniyyətinin Bolqarıstanda tanıdılmasına xidmət etdiyini bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın Bolqarıstandakı səfirliyinin müvəqqəti işlər vəkili Nemət Əliyev UNESCO-nun Bəşəriyyətin Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilən Novruz bayramının yenilənmə, harmoniya və yeni başlanğıcı simvolu olduğunu, barışıq, həmrəylik və birgə dinc yaşamaq kimi dəyərləri təbliğ etdiyini qeyd edib. O, eyni zamanda BMT-nin Baş Assambleyasının Novruz bayramı ilə bağlı qəbul etdiyi müvafiq qətnamənin bu bayramın beynəlxalq səviyyədə tanınmasının və onun ümumbəşəri dəyərlər daşıdığının göstəricisi olduğunu bildirib.
UNESCO-nun Cənub-Şərqi Avropa üzrə Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Regional Mərkəzinin nümayəndəsi Lora Voiçeva qeyri-maddi mədəni irsin qorunması, ötürülməsi və təbliği baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb, ölkələr arasında mədəni dialoq, qarşılıqlı hörmət və əməkdaşlığın gücləndirilməsinə xidmət etdiyini bildirib.
Tədbirin mədəni proqramı Azərbaycan və Bolqarıstanın bahar ənənələri arasındakı paralellərə həsr olunub. Proqram çərçivəsində Novruz və bolqarların Baba Marta ənənəsinə həsr olunan Gəncə Rəsm Məktəbinin şagirdlərinin rəsmlərindən ibarət sərgi, eləcə də bolqar məktəbliləri və tələbələrinin hazırladıqları kompozisiyalardan ibarət sərgi təqdim olunub. Tələbələr Novruz və bolqarların Lazarovden bayramı haqqında müqayisəli təqdimatla çıxış edib, Azərbaycan və bolqar dillərində bahara həsr olunmuş şeirlər səsləndiriblər.
Tədbir birlik və həmrəylik ruhunu simvolizə edən Azərbaycan milli “Yallı” rəqsi ilə yekunlaşıb.
